Ermənistanın məkrli siyasi oyunları iflasa uğrayır
Proqnozlarımız özünü doğrultdu, BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ölkəmizin əleyhinə qətnamə qəbul olunmadı. Bəli, ermənilərin bu siyasi oyunu da beləcə uğursuzluqla bitdi. Necə deyərlər, istəkləri boğazlarında qaldı. Başqa sözlə desək, budəfə dünya birliyi ermənilərə həqiqətən də qapı göstərdi. Onlara başa salındı ki, reallıqla barışmalısınız. Reallıq isə ondan ibarətdir ki, bundan sonra Qarabağda yaşayan ermənilərlə bağlı bütün məsələlər məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçiriləcək.
Əslində dünənki iclasda hamı ermənilərin nəzərinə çatdırdı ki, sizin Bakının iradəsi ilə razılaşmaqdan başqa bir yolunuz yoxdur. Bu mənada, Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Artur Xaçatryanın da jurnalistlərə açıqlamasında məyusluğunu gizlətməyərək qeyd etdiyi kimi ötən gün BMT TŞ-da “hamı bir araya gəldi, danışdılar, dağılışdılar. Onlar həmçinin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın bu ölkənin suveren ərazisi olmasını tanıdığını xatırlatdılar". Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün meydança kimi, rupor kimi istifadə etmək cəhdləri uğursuzluğa düçar oldu.
Dünənki iclas həm də erməni diplomatiyası ilə Azərbaycan diplomatiyasının keyfiyyət güzgüsünə çevrildi. Bu iclasda Azərbaycan əleyhinə qətnamə çıxarılmasına çalışan Ermənistan diplomatiyası gerçəkdən də çox ciddi məğlubiyyətə uğradı. İflasa uğrayan erməni diplomatiyasının fonunda isə Azərbaycan diplomatiyasının çevikliyini, peşəkarlığını xüsusilə qeyd etməliyik. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin sözügedən iclasda etdiyi çıxış da kifayət qədər effektiv, sərrast və əsaslandırılmış çıxış idi. Onun çıxışı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya “blokada”ya alınması nəticəsində “humanitar fəlakət”in yaşanması ilə bağlı əsassız iddiaları tamamilə ifşa etdi.
Bir sözlə, BMT Təhlükəsizlik Şurasının ötən gün baş tutan təcili iclasının nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü ardıcıl və inamlı siyasət öz müsbət nəticələrini verir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün Ermənistan və onun havadarları tərəfindən həyata keçirilən bütün təxribatlar, məkrli siyasi oyunlar iflasa uğrayır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri