BMT Təhlükəsizlik Şurası yararlı təşkilat olsa…
Qüdrət Həsənquliyev: «Azərbaycanın öz ərazisində dövlət suverenliyinin bərpa olunmasının vacibliyini vurğulamalıdır»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi
- Qüdrət bəy, sabah BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında «Laçin dəhlizi»min açılması məsələsinə baxılacaq. Azərbaycan əleyhinə hansısa qərar qəbul oluna bilərmi? Əgər olunarsa, bunun hansı nəticələri ola bilər?
- BMT TŞ obyektiv və nizamnəməsinə əsasən sülhə və təhlükəsizliyə xidmət edən yararlı bir təşkilat olsa, o zaman Ermənistanı işğalçı dövlət kimi tanımalı, ondan Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb etməli, Azərbaycanın öz ərazisində dövlət suverenliyinin bərpa olunmasının vacibliyini vurğulamalıdır. BMT TŞ, eyni zamanda Xocalı soyqırımına və digər müharibə cinayətlərinə,etnik təmizləmə siyasətinə görə Ermənistanın cinayətlərini araşdıran xüsusi tribunal yaratmalıdır. Amma hamımız bilirik ki, bu təşkilat böyük dövlətlərin əlində alətdir və kiçik ölkələri təcavüzdən qorumur. Bir sözlə, heç nəyə yaramır. Azərbaycanın torpaqlarının 30 ildən artıq işğal altında qalması və BMT TŞ-nın 4 qətnaməsinə məhəl qoymadan Ermənistanın qonşu ölkənin torpaqlarını 30 ildən artıq işğal altında saxlaması, Azərbaycan ərazisindən öz işğalçı ordusunu çıxarmaması, etnik seperatizmi dəstəkləməkdə davam etməsi buna əyani sübutdur.
Bizim əleyhimizə hər hansı qərarın qəbul olunması az ehtimal olunur, ancaq bu baş verərsə belə, Azərbaycan ona əhəmiyyət verməməli, Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün ardıcıl və qətiyyətli addımlar atmaqda davam etməlidir.
- Qərbin Azərbaycana artan təzyiqləri barədə fikirlərinizi də öyrənmək istərdik.
- Dünyadakı indiki xaos Qərbin ikili standartlar siyasətinin nəticəsidir. Hər şey Qərbin 1988-ci ildə Qarabağda qanlı seperatizmi dəstəkləməsindən başladı. Təəssüf ki, həmin siyasət bu gün də davam edir. Baxın, Rusiya Ukraynada onunla sərhəddə kompakt, birlikdə yığcam yaşayan 10 milyon rusun hüquqlarını qorumaq adı altında Ukraynaya qoşun yeridir və bu,Qərb üçün işğaldır. Eyni işi Ermənistan edir, amma Ermənistanı heç kim işğalçı dövlət kimi tanımır. Yaxud İspaniyada yaşayan geniş muxtar respublika səlahiyyətlərinə malik olan 5.5 milyon katolon 2017-ci ildə referendum keçirir, ,parlamentləri müstəqillik barədə qərar qəbul edir. Bunun ardınca İspaniya hökuməti daxili qoşunları Kataloniyaya yeridir, seperatçıların liderləri, hökumət üzvüləri həbs olunur, qaçan da qaçır. İspaniyanın dövlət suverenliyi bərpa olunur, buna görə heç kim onlara güldən ağır söz demir. Amma görün bir ovuc - 50,60 min erməniyə görə hansı hoqqabazlığı və əclaflığı edirlər? Hətta bəzi satqın «azərbaycanlılar» da bu işlərinə şərik edirlər. Təəssüf ki, bu gün Qərbdə hökm sürən islamafobiya, xristian həmrəyliyi və korrupsiya ali bəşəri dəyərləri, beynəlxalq hüququ məhv edir, yeni müharibələr üçün şərait yaradır.
Bir daha söyləyirəm, Azərbyacan heç nəyə əhəmiyyət vermədən işğalçı ordunu əzib Qarabağdan qovmalı, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməlidir. Bu bizim təbii və beynəlxalq hüquqa əsaslanan haqqımızdır.