Prezident İlham Əliyevin siyasəti yeni reallıq yaradıb
"Prezident İlham Əliyevin səyləri və Azərbaycan diplomatiyasının təşəbbüsləri yüz minlərlə soydaşımızın indiki Ermənistan Respublikasının ərazisindəki tarixi-etnik torpaqlarından zorla, kütləvi şəkildə deportasiyası məsələsinə beynəlxalq birliyin diqqətini çəkib və sülh danışıqlarının bir komponentinə çevirib".
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti və strateji məharəti ilə ermənilərin Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirdikləri bu tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əldə edilən uğurlar Ermənistan rəhbərliyini, erməni lobbisini ciddi narahat etməyə başlayıb. Dövlət başçısının 44 günlük Vətən müharibəsindən dərhal sonra Qərbi Azərbaycan tarixinin öyrənilməsi, araşdırılması, tarixi həqiqətlərin beynəlxalq müstəvidə təbliği və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı irəli sürdüyü təşəbbüslər haqsız iddialarla çıxış edən Ermənistan və müttəfiqlərinin danışıqlar prosesində mövqeyini sarsıdıb, gündəliyin tamamilə rəsmi Bakının təşəbbüsü ilə formalaşmasını şərtləndirib. Prezident İlham Əliyevin bu strategiyası 44 günlük Vətən müharibəsinin danışıqlar masasında davamı kimi dəyərləndirilməlidir.
Sadiq Qurbanov qeyd edib ki, Prezident 44 günlük Vətən müharibəsinin nəticələrini yalnız Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, milli suverenliyin bütün ölkə ərazisində təmin edilməsi, separatizmə rəvac verəcək bütün zəminləri aradan qaldırmaq vasitəsi kimi deyil, eyni zamanda tarixi imkana çevirərək Ermənistanı azərbaycanlıların zorla deportasiyasına və kütləvi qırğınlara görə cavabdeh saxlayır: "Dövlət başçısı ustad strateq, qrosmeystr kimi erməniləri onların öz ənənəvi silahları, fəndləri ilə vurur. Ermənistanın XX əsrin əvvəlindən başlayaraq mərhələlərlə 1991-ci ilə qədər azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik dövlət yaratması həqiqətini heç kim təkzib edə bilməz. Prezident İlham Əliyev məhz elə bir tarixi şəraitdə, elə bir kontekstdə, formatda bu məsələləri gündəliyə gətirib ki, ermənilər güzgü effekti ilə üz-üzə qalıblar və onların bütün təşəbbüsləri öz əleyhlərinə çevrilir".
Komitə sədri vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsinə bu formada isterik və emosional reaksiya verməsi bundan doğur. Erməniləri tarixi faktlar təkzib edir, Nikol Paşinyanı məhz tarixi sənədlər yalançı çıxarır. Belə ki, SSRİ Baş Prokurorluğunun sənədlərindən aydın olur ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılıb. SSRİ rəhbərliyinin qərarları, rəsmi şəxslərin məruzələri göstərir ki, deportasiya zorla həyata keçirilib.1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı kütləvi şəkildə cinayətlər törədilib. Bu faktlar İrəvanda var və Paşinyan bunları bildiyinə görə sərsəm bəyanat verməyə məcbur qalıb. Ermənilər, onların başçıları Nikol Paşinyan Prezident İlham Əliyevin Ermənistanı tarixi cinayətlərə görə cavabdeh saxlamaq strategiyası qarşısında müdafisəsiz qalıblar. Ermənilər uduzduqlarını, Nikol Paşinyan isə yalnız səngərdə, müharibədə deyil, masada da Prezident İlham Əliyevə məğlub olduğunu başa düşür.
S.Qurbanov bildirib ki, dövlət başçısının strategiyası ermənilərin müttəfiqlərini də çətin vəziyyətdə qoyub, çünki rəsmi Bakı onların öz oyun qaydaları ilə haqsız olduqlarını sübut edir, hətta ən qatı erməni tərəfdarları belə deportasiya faktlarını təkzib edə bilmirlər: "Ermənilərin haqsız iddilarını dəstəkləmək, amma Qərbi Azərbaycan məsələsinə səssiz qalmaq mümkün deyil. Dost da, düşmən də bunun fərqindədir və Prezident İlham Əliyev siyasəti diplomatiya müstəvisində də yeni reallıq yaradıb".