Nazirlik deputatın partiyasını qeydiyyata almadı
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Asim Mollzadənin sədri olduğu Demokratik İslahatlar Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
Bu barədə deputatın özü məlumat verib.
Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5000-dən artıq üzvün adını təqdim edib, Nazirlik partiyanın təqdim etdiyi siyahılarda çatışmazlıqlar aşkar edib və partiyanı qeydiyyata almayıb.
Deputat üzv siyahılarının yoxlanıldığını və yenidən müraciət ediləcəyini qeyd edib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.