Səfirliyə hücum edənlər layiqli cəza alacaq – İran rəsmisi
Avqustun 8-də İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, ilk növbədə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Nümayəndə heyətini qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İran İslam Respublikasına səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxslərilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.
Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin Ali Məhkəməsinin sədri, Məhəmməd Mohadinin isə ölkənin Baş prokuroru təyin edilməsi münasibətilə həmkarlarına təbriklərini çatdırıb.
Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.
Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.
Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olub.
Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayədə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının istirakı ilə görüşlər keçirərək cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq.