"BMT-nin təmsilçiləri yerində olmayan qeyri-kompetent, qeyri-peşəkar şəxslərdir"
Riyakarlığın və siyasi fahişəliyin bütün variantlarını "sınaq"dan keçirən ermənilər çox təəssüf ki, artıq BMT kimi mötəbər beynəlxalq təşkilatı da öz çirkin niyyətlərinə nail olmaq üçün siyasi manipulyasiya alətinə çevirməyə cəhd göstərirlər. Bu təşkilatın İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və "müstəqil" ekspertlərin ermənilərin fitnəkar yalanlarına uyaraq anti-Azərbaycan xarakterli bəyanat yaymaları da bu fikrimizi təsdiqləyir.
Belə ki, sözügedən qərəzli bəyanatda Laçın "dəhliz"inin guya Azərbaycan tərəfindən "blokada"da saxlandığı və nəticədə Xankəndidə “gərgin humanitar vəziyyət” yarandığı kimi cəfəng iddialar yer alıb. Bu da azmış kimi BMT-nin məruzəçiləri və ekspertləri məlum bəyanatda Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq-Qarabağ” kimi təqdim ediblər.
Bütün bunlar onu göstərir ki, BMT kimi bir təşkilatın məruzəçilərini, ekspertlərini məktəbli uşaqlar kimi aldatmaq və onları tamamilə yanlış istiqamətə yönəltmək ermənilər üçün su içmək qədər asandır. Deməli, BMT-nin təmsilçiləri həm də yerində olmayan qeyri-kompetent, qeyri-peşəkar şəxslərdir.
Bu baxımdan, biz BMT-nin İnsan Hüquqları Şurasının məruzəçi və ekspertlərinin hazırladığı 2023-cü il 7 avqust tarixli bəyanatı qərəzli və diletant bir sənəd hesab edir və bu bəyanatın yayılmasını qınayırıq. BMT-nin ayrı-ayrı strukturları özlərinin ermənilərin hiyləgər və avantürist oyunlarının alətinə çevrilməsinə yol verməməlidirlər. Məruzəçilər və ekspertlər səlahiyyət həddini aşıb Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar.
BMT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıbsa, BMT mandatını daşıyan adi məruzəçi və ekspertlər də suverenliyimizə və ərazi bütövlüyümüzə hörmətlə yanaşmalıdırlar. Ümid edirik ki, BMT rəhbərliyi bundan sonra bu təşkilatın ayrı-ayrı orqanlarının ermənilərin siyasi manipulyasiya alətinə çevrilməsinə yol verməyəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri