Sizin Reklam Burada

Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev faktoru

Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev faktoruYücel Karauz: Müasir Türkiyənin qurucusu Ulu öndər Mustafa Kamal Atatürk ilə çağdaş Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev kimi bu gün və gələcəkdə yolumuza işıq tutan siyasi liderlərə sahib olduğumuz üçün şanslıyıq

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan nüfuzlu şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin ikincisi oxuculara təqdim edilir. Qeyd edək ki, ikinci məqalə Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauzun fikirləri əsasında hazırlanıb.

Dr. Yücel Karauz öncə onu deyib ki, dünyada təqribən 200-ə yaxın dövlət, həmçinin, bu dövlətlərin içində fərqli coğrafiyalarda yaşayan 150-yə yaxın xalq var:

“Bu xalqlarda millətini müasir güclü birlik və həmrəylik içində yaşadan, eyni zamanda, ölkəsini digər dövlətlərlə müqayisədə daha da irəli aparan, məxsus olduğu coğrafiyaya və qlobal miqyasda tarixə adını qızıl hərflərlə yazdıran çox az sayda lider var. Mən deyərdim ki, Türkiyə və Azərbaycan xalqının bu sarıdan bəxti xüsusilə gətirib. Daha da dəqiqləşdirsək, deyə bilərəm ki, müasir Türkiyənin qurucusu Ulu öndər Mustafa Kamal Atatürk ilə çağdaş Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev kimi bu gün və gələcəkdə yolumuza işıq tutan siyasi liderlərə sahib olduğumuz üçün şanslıyıq”.

Türkiyəli general qeyd edib ki, dövlətini və millətini inkişaf yolu ilə irəli aparan siyasi liderlər adi insanlarla müqayisədə müəyyən fərqli keyfiyyətlərə malik olurlar:

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev belə siyasi liderlər arasında xüsusi yer tutur. Bəlli olduğu kimi Heydər Əliyev və onun liderlik xüsusiyyətləri haqqında yüzlərlə kitab, saysız-hesabsız məqalələr yazılıb. Heç şübhəsiz ki, bundan sonra da minlərlə məqalələr yazılacaq, Azərbaycan xalqının Ümummilli liderindən bəhs edən saysız-hesabsız kitablar işıq üzü görəcək. Mən isə indiki halda Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi önəm, həmçinin, bu kontekstdə onun Azərbaycanda ordu quruculuğu istiqamətində fəaliyyətindən bəhs etmək istəyirəm”.

Heydər Əliyev Türk dünyası daxilində hazırda daha da inkişaf edən inteqrasiyanın əsasını qoydu

Dr. Y.Karauzun sözlərinə görə, Heydər Əliyev hələ Naxçıvanda olanda Türkiyə ilə münasibətləri inkişaf etdirməyin vacibliyini önə çəkir, bu istiqamətdə davamlı addımlar atırdı:

“Heydər Əliyev həmin dövrdə Türkiyənin Baş naziri olan Süleyman Dəmirəllə birlikdə Türk dünyası daxilində hazırda daha da inkişaf edən inteqrasiyanın əsasını qoydu. Çünki “Türk qapısı”olaraq adlandırılan Naxçıvanla Türkiyə arasında əlaqələr məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində sürətlə inkişaf etməyə başladı. Elə həmin vaxt bu çərçivədə Ümid Körpüsü adlandırılan körpü istifadəyə verildi və 70 il sonra Türkiyə ilə Naxçıvan arasında ayrılıq sona çatdırıldı. Eyni zamanda, Heydər Əliyev gerçəkləşdirdiyi görüşlərin nəticəsi kimi 100 azərbaycanlı tələbəni Türkiyəyə təhsil almağa göndərdi. Mən Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsini Mustafa Kamal Atatürkün Qurtuluş Savaşını başlatmaq üçün Samsuna səfəri ilə eyniləşdirirəm”.

Türkiyə ilə hərbi sahədə anlaşmalar imzalandı


Generalın sözlərinə görə, Heydər Əliyevin ordu quruculuğuna yönəlik fəaliyyətində Türkiyə ilə əməkdaşlığa üstünlük verməsi ikitərəfli münasibətlərin inkişafında xüsusi yer tutub:

“Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra xüsusilə, Türkiyə ilə hərbi sahədə anlaşmalar imzalayaraq ordu quruculuğunu inkişaf etdirmək üçün türk zabitlərin Azərbaycana gəlişini təmin etdi. Ordu quruculuğu baxımından önəmli olan bu addım Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm təməlindən biri olmaqla yanaşı, həm də Vətən müharibəsinə aparan yolda Müzəffər Azərbaycan Ordusunun yaradılmasının başlanğıcı oldu. Ulu Öndərin ordu quruculuğu sahəsində atdığı ən önəmli addımlar 1972-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi açmaq, bununla birlikdə, sovetlərin mövcud hərbi məktəblərində oxuyan azərbaycanlıların sayını artırmaq, həmin məktəblərin rəhbərliyinə Sovet İttifaqında uğur əldə etmiş azərbaycanlı komandanları gətirmək, 1997-ci ildə Hərb Məktəbinin Türkiyə Silahlı Qüvvələri tərəfindən qurulmasını və 2001-ci ildə ilk hərbçilərin oradan məzun olmalarını təşkil etmək, Azərbaycan Ordusuna NATO təcrübəsi qazandırmaq məqsədilə sülh üçün ortaq fəaliyyət göstərmək və Türk ordu modelini mənimsətmək idi”.

Açıqlamasında Heydər Əliyevin Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki çıxışını xatırladan Dr. Y.Karauz daha sonra qeyd edib:

“Heydər Əliyev həmin çıxışında deyirdi: “Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir. Biz həmişə həmrəy olaraq bəyan etmişik ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir və sarsılmazdır. Bu bəyanatı həmişə reallaşdırmaq üçün, bu fikirləri əməli surətdə daim həyata keçirmək üçün biz orduya xüsusi qayğı göstərməliyik, onu möhkəmləndirməli və inkişaf etdirməliyik. Biz orduya, Silahlı Qüvvələrə qayğını artırmalıyıq. Onun hər bir problemi dövlətin və hökumətin himayəsi altında olmalı, vaxtlı-vaxtında baxılmalı və həll edilməlidir”. Yəni, göründüyü kimi, Ulu öndər Heydər Əliyev ordu quruculuğuna böyük önəm verir, bu istiqamətdə atılması vacib olan addımları da qeyd edirdi”.

Yücel Paşa deyib ki, Ulu öndər ordu quruculuğu prosesini uğurla həyata keçirməklə yanaşı, Türk dünyası üçün vacib olan bir məsələni də hər zaman diqqətdə saxlayıb:

“Söhbət gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin, orduda xidmət edən hər gəncin öz dövlətinə, xalqına, Silahlı Qüvvələrinə dərindən bağlı olması istiqamətində dahi şəxsiyyətin verdiyi tövsiyələrdən gedir: “Onun gənclərə ordu sevgisi ilə bağlı müraciət etdiyi “Hər bir azərbaycanlı gənc bilməlidir ki, orduda xidmət etməyən cəmiyyətdə hörmət qazana bilməz. Əksinə, cəmiyyətdə insanlara orduda xidmət etmələrinə görə yaxşı münasibət, xüsusi hörmət göstərilməlidir. Belələri orduda xidmət etməyənlərdən fərqləndirilməlidir. Mən üzümü Azərbaycan gənclərinə tutub bildirirəm ki, onlar öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirməlidirlər. Gənclər bu şərəfə nə qədər nail ola bilsələr, cəmiyyətimizdə o qədər də hörmət qazanacaqlar”, həmçinin, “Orduda xidmət edən hər bir əsgər, zabit, general bilməlidir ki, o, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, ərazimizin müdafiəsi, ölkəmizin konstitusion əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur. Zabitlərin öz peşəkarlıqlarını artırması, ali hərbi məktəblərdə təhsil sisteminin yaxşılaşdırılması, hərbi hissələrdə sağlam mənəvi mühitin yaradılması və bütün kənar meyllərin aradan qaldırılması komandirlərimizin, zabitlərimizin, Silahlı Qüvvələrin rəhbərlərinin müqəddəs vəzifəsidir” ifadələri 2020-ci ildə, Vətən müharibəsində vətən, bayraq üçün həyatını sevərək verməyə gedən insan selinə döndü”. İki qardaş ölkə arasında əlaqələrin möhkəmliyi Ulu öndərin məqsədyönlü siyasətinin nəticəsidir.

Dr. Yücel Karauz
Açıqlamasının sonunda Azərbaycan-Türkiyə münasibətlərinin formalaşması və sürətlə dərinləşməsində Heydər Əliyevin misilisiz xidmətlərini bir daha xatırladan Yücel Paşa qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin möhkəmliyi Ulu öndərin məqsədyönlü siyasətinin nəticəsidir:

“Təbii, Heydər Əliyev elə nəhəng şəxsiyyət və siyasətçidir ki, onun fəaliyyətini bir, yaxud bir neçə istiqamət üzrə dəyərləndirmək doğru olmazdı. Mən yuxarıda Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsində dahi siyasətçinin fədakar çalışmalarını nisbətən ümumi şəkildə vurğuladım. Onun xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın çox dərin böhrandan ustalıqla çıxarılmasını, eyni zamanda, dövlətin gələcək inkişafını təmin edən çox mühüm faktor oldu. Heydər Əliyev dövrün nəbzini məharətlə tutur və beynəlxalq şəraitin hansı addımların atılmasınnı şərtləndirdiyini çox aydın şəkildə görürdü. O baxımdan, Ulu öndər Türkiyə ilə münasibətlərə son dərəcə böyük önəm verir və xarici siyasətdə qardaş ölkələrin addımlarının əlaqələndirilməsinə, sinxronlaşdırılmasına çalışırdı. Çox məmnunedici haldır ki, onun bu fəaliyyəti öz nəticəsini verdi və Azərbaycanla Türkiyə sözdə yox, gerçəklikdə bir millətin iki dövləti halına gəldi”.

Azərbaycan-Türkiyə qardaşlığı sonsuza qədər əbədi və sarsılmaz olacaq General qürur və məmnunluqla vurğulayıb ki, Mustafa Kamal Atatürklə Heydər Əliyevin ikitərəfli münasibətlərdə açdığı bu işıqlı yolu hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan uğurla davam etdirir:

“Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində başlatmış olduğu işıqlı yolu Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyev Müzəffər komandan olaraq Vətən müharibəsindən sonra keçirilən Zəfər paradında Azərbaycan ordusunun tamamilə Türkiyə ordu modelinə keçdiyini bildirib. Əslində, Azərbaycan Prezidentinin Zəfərə gedən yolda atasından aldığı mirası uğurla davam və inkişaf etdirməsi, qazanılan möhtəşəm qələbədə çox mühüm rol oynayıb. Onu da deyim ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan rəhbrəlik etdiyi illərdə Türkiyəyə təqribən 20 dəfə səfər edib:

“Heydər Əliyev bu səfərlərdə Türkiyə-Azərbaycan münasibətlərini yüksək səviyyəyə çatdırmaq üçün gərəkən addımları atıb, “Əsrin müqaviləsi” başda olmaqla, 5 enerji layihəsində Türkiyənin iştirakını təmin edib, enerji marşrutlarının Türkiyə üzərindən keçməsi üçün aramsız təzyiqlərə sinə gərərək münasibətlərin bugünkü səviyyəyə qaldırılmasının əsasını qoyub. Bu gün də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev aldığı bu bayrağı daha yüksəklərə qaldıraraq atasının mirasını Şuşa Bəyannaməsi ilə tarixi zirvəyə daşıyıb. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk 1921-ci ildə – hələ Cümhuriyyətqurulmazdan öncə Azərbaycan səfirliyinin açılışındakı çıxışında, o zaman Türkiyədə və dünyada bir çox insan Azərbaycan dövlətinin varlığından xəbər olduğu halda bizlərə rəhbər olan “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini söyləyib.

Türk dünyasının dahi övladı, Ulu öndər Heydər Əliyev isə “Bir millət, iki dövlət” fikrini səsləndirərək hər iki xalqa yüzillər boyunca davam edəcək hədəf və ideal müəyyənləşdirib. Bu iki əsas doktrinanın əsasında cənab Prezident İlham Əliyev qardaşlığımızı strateji müttəfiqliyə yüksəldərək: “Biz bir millət, iki dövlət, tək yumruğuq”, – deyib. Mustafa Kamal Atatürk, Heydər Əlyev və İlham Əliyevin qarşımıza qoyduğu bu doktrinalar əsrlər keçsə də, yolumuzu işıqlandıracaq. Eyni soya, eyni kökə sahib bir millətin övladı olan Azərbaycan və Türkiyə xalqı Mustafa Kamal Atatürklə Heydər Əliyevin açdığı bu işıqlı yolu hazırda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsini qürurla izləməkdədir. Bizim üzərimizə düşən vəzifə isə bu müqəddəs amalı daha yüksəyə qaldırmaq üçün yorulub-usanmadan bir nəfər kimi çalışmaqdır. Bunu etdiyimiz zaman Azərbaycan-Türkiyə qardaşlığı sonsuza qədər əbədi və sarsılmaz olacaq”.

Araz Zeynalov

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər