CASCFEN sədri Qazaxıstan səfirini beynəlxalq konfransa dəvət edib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb.
1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılacaq “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır.
CASCFEN sədri Nadir Azəri Avrasiya.net-ə bildirib ki, layihə çərçivəsində bir sıra tədbirlərin, o cümlədən Naxçıvanda və Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub: “Konfranslara hazırlıq davam edir. Bu məqsədlə Türkiyədə və Azərbaycanda bir sıra görüşlər keçirmişik. Növbəti belə görüş isə bu günlərdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayellə oldu”.
N.Azəri deyib ki, səfirlikdə keçirilən görüşdə səfirə layihə və konfrans barədə ətraflı məlumat verilib: “Eyni zamanda cənab səfiri oktyabrda Bakıda keçiriləcək konfransa əsas çıxışçılardan biri olaraq dəvət etdik. Sağ olsun, cənab səfir dəvətimizi qəbul etdi. Onu da deyim ki, avqusta ayı ərzində bu istiqamətdə digər görüşlərimiz də nəzərdə tutulub”.