Sabiq baş nazirin partiyası da qeydiyyata alınmadı
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən sabiq baş nazir Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasına imtina cavabı verib.
Avrasiya.net xəbər verir ki, bu barədə Pənah Hüseynin özü məlumat verib.
O qeyd edib ki, partiya Nazirliyə 5854 üzvün məlumatlarını təqdim edib. Onlardan 2676 nəfərin məlumatları düzgün qeyd edilməyib.
377 nəfər başqa partiyanın üzvü olduğu, 73 nəfərin öldüyü, 146 nəfərin məlumatlarının təkrarlandığı, 29 nəfərin 18 yaşına çatmadığı müəyyən edilib, 171 nəfər isə partiyanın üzvü olmadığını bildirib.
Partiyaya çatışmazlıqların aradan qaldırılması üçün 1 ay vaxt verilib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.