İqbal Ağazadənin partiyası qeydiyyata alınmadı - 30 gün vaxt verildi
Ədliyyə Nazirliyi Ümid Partiyasının təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb.
Bu barədə partiyanın sədri İqbal Ağazadə məlumat verib.
Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5200 nəfər üzvün məlumatlarını təqdim edib. Lakin onlardan bəziləri barədə informasiyalar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.
"100-dən artıq şəxs partiya üzvü olmadığını bildirib, 33 nəfərin telefon nömrəsi düzgün göstərilməyib və s. 30 gün müddətində bu çatışmazlıqları aradan qaldırıb, siyahını yenidən təqdim etməliyik. İşçi qrupumuz rayon şöbələri ilə birgə çalışmalara başladı, yaxın günlərdə yekun siyahımızı yenidən Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə təqdim edəcəyik", - deyə partiya sədri vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP də var.