"Bizi heç nə qorxuda bilməz"
Sədaqət Vəliyeva
Millət vəkili
Yenə Ermənistan, yenə ikiüzlü, yalançı siyasət, yenə də təxribat. Ermənistan o qədər yalan və ikiüzlü siyasət həyata keçirib ki, o qədər təxribatlara əl atıb ki, artıq yalan, təxribat və Ermənistan sözləri eyni mənanı ifadə edir, sinonimlik təşkil edir. Ermənistan təxribata əl atmaqda, ənənəsinə sadiq qalmaqda davam edir.
Bu dəfə Ermənistan yardım adı altında təxribata əl ataraq Qarabağa humanitar yük avtomobilləri yola salıb. İlk öncə qeyd etmək istərdim ki, Ermənistan tərəfinin Azərbaycanla razılaşdırmadan ölkəmizin suveren ərazilərinə avtomobillər göndərməsi ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdiddir. Hələ utanmadan bu ucuz şounu izləmək üçün xarici səfirlikləri, Avropa İttifaqının nümayəndələrini də yığıb sərhədə gətiriblər. Xarici səfirliklərin, Avropa İttifaqının nümayəndələrinin bu şouya tamaşa etməsi məsələnin mahiyyətindən xəbər verir və bir daha göstərir ki, Ermənistan maşa dövlətdir, kimlərinsə diqtəsi altında hərəkət edir, provakasiyalara uyur.
Maraqlıdır Ermənistanın 30 illik işğalı zamanı bu "nümayəndələr" harada idi? Niyə ölkəmizə qarşı törədilmiş erməni vandalizminə bir dəfə də olsun bəyanat verməyiblər, mövqe bildirməyiblər? Niyə rayonlarımızın erməni raketlərin məruz qalmasını, sivil vətəndaşlarımızın qətlə yetirilməsini görməzdən gəliblər? Əlbəttə, bu niyələri sonsuza qədər uzatmaq olar. Amma bütün bu sualların bir cavabı var: Riyakarlıq və ikiüzlülük
Eybi yox olsun. Bizə fərq etməz. Çünki Azərbaycan BMT qətnamələrini və beynəlxalq ədaləti təkbaşına bərpa edən dövlətdir. Bizim mövqeyimiz haqlı, istəyimiz isə sülhdür. Ona görə də bizi heç nə qorxuda bilməz.
Ermənistan hakimiyyəti bir məsələ də tam əmin olsun ki, törədilmiş bütün təxribatlar onlar üçün ağır nəticələnəcək. Azərbaycan Ordusu bunu dəfələrlə sübut edib. Və gün gələcək bu gün Ermənistanı provokasiyalara çəkən havadarları onları tək qoyacaq.