Sülhəddin Əkbərin partiyası bağlanır - 5 min üzv yığa bilmədi
Azad Demokratlar Partiyası təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.
Bu barədə Modern.az-a açıqlmasında partiyanın sədri Sülhəddin Əkbər bildirib.
“Biz partiya olaraq təkrar qeydiyyat üçün müraciət etmədik. Çünki partiyamızın qeydiyyata düşmək üçün tələb olunan qədər üzvü yoxdur”,- tanınmış siyasətçi deyib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, KXCP, AMİP və Ağ partiya da var.