Beynəlxalq nüfuzun göstəricisi
Dünya ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin və Azərbaycan arasında da əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb: "Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi". Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi.
Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.
Dövlət başçısı müsahibəsində bildirmişdir ki, Azərbaycanın coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunu da qeyd etməliyik. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin – "Bir kəmər - bir yol" nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Dövlət başçısı dostluğun təcəssümü kimi COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin olduğunu bildirmişdi.
Müsahibəsində iqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanla Çinin mövqelərinin üst-üstə düşdüyünü bildirən Cənab Prezident diqqətə çatdırıb ki, biz qarşılıqlı ticarətin həcminin artdığını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarının olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.
Həmçinin multikulturalizmin Azərbaycanda mövcud modelindən bəhs edən cənab Prezident “Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir” deyə bildirmişdir.
İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial vardır və bu əlaqələr bundan sonra da daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti