Bu gün Moskvada üçtərəfli görüş keçiriləcək
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşəcək.
Avrasiya.net xəbər verir ki, Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli danışıqlardan əlavə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Rusiya XİN-in məlumatına görə, danışıqlar zamanı XİN başçıları Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını və üçtərəfli sazişlərin həyata keçirilməsi istiqamətində atılan addımları təhlil edəcəklər.
Bölgədə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası müzakirə olunacaq.
Həmçinin rəsmi Moskva bəyan edir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gündəlikdə regional təhlükəsizlik məsələləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, humanitar məsələlər var.
Xarici işlər nazirləri sonuncu dəfə Vaşinqtonda, Rusiyanın iştirakı ilə üçtərəfli formatda isə mayın 19-da Moskvada görüşüblər.