Separatçılar ya Qarabağdan çıxarılacaq, ya da məhv ediləcək
Ötən gün saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Azərbaycan Ordusu cavab tədbirləri görüb. Görülən tədbirlər nəticəsində 4 separatçı məhv edilib. Erməni mətbuatında ölənlərin sayının daha çox olduğu bildirilir.
Vaşinqtonda keçirilən sülh danışıqları ərəfəsində ermənilərin təxribatı nəyə hesablanıb? Azərbaycan hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli söyləyib ki, Azərbaycan ordusu Ağdərədən hərbi əməliyyatlara başlamalıdır.
"Hal-hazırda Vaşinqtonda danışıqlar prosesi gedir. Danışıqlarda Azərbaycan ərazisində hələ də qalan erməni silahlı dəstələrinin çıxarılması ciddi müzakirə olunmalıdır. Biz isə Ağdərə, Əsgəran və bütün Qarabağda erməni terrorçuların son nəfərinə kimi torpaqlarımızından çıxarılması üçün işlər aparmalıyıq. Çünki başqa cür nə sülh müqaviləsi imzalanacaq, nə də bölgədə sabitlik olacaq. Çox anormal bir vəziyyətdir ki, sülh danışıqları getsin, ancaq bununla birlikdə ərazində silahlı dəstələr olsun və təxribatlar törətsin. Mənim fikrimcə, Qarabağda yaşayan ermənilərin də Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün separatçıların tərksilah edilməsi vacibdir. Ona görə də Azərbaycan Ağdərədən hərbi əməliyyatlara başlayaraq, erməni silahlılarını zərərsizləşdirməlidir",- deyə politoloq bildirib.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə isə, Qarabağda baş verənlər danışıqlara xələl gətirmək məqsədi güdür.
"Ölkəmizdə Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar. Nəticədə məlumat verildiyi kimi, bir nəfər hərbi qulluqçu yaralanıb. Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddür. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir", - ekspert əlavə edib.
Ə.Verdiyev vurğulayıb ki, erməni silahlılar ya tərksilah ediləcək, ya da məhv ediləcək:
"Bundan sonrakı prosesdə Azərbaycan tərəfi erməni təxribatlarının sıfırlanması üçün Qarabağda mövcudluğunu davam etdirən erməni silahlıların ərazidən çıxarılması məsələsini daha da intensivləşdirəcək. Heç bir halda Qarabağ ərazisində əlisilahlı erməni qalmayacaq. Onların Qarabağda ya da Ermənistanda anadan olması bizim üçün qətiyyən əhəmiyyət daşımır. İstənilən erməni silahlısı ya tərksilah edilərək çıxarılacaq, ya da məhv ediləcək. Artıq bu proses başlayıb. Qurban bayramında ermənilərin təxribat törətməsi və bir əsgərimizin yaralanması ordumuzun səbrini tükədib. Təbii ki, bu təxribatlar Vaşinqton danışıqlarını pozmaq üçün atılan bir addım idi. Bundan sonrakı müddətdə erməni silahlıların ərazidən çıxarılması üçün əməliyyatların həyata keçirilməsi gözləniləndir".