Azərbaycan kəşfiyyatı Rubeni Xankəndidən götürə bilər
Kreml tərəfindən Qarabağa göndərilən “emissar” Ruben Vardanyan Bakının tələbi ilə qondarma “dövlət naziri” vəzifəsindən azad edilsə də, hələ də Azərbycan torpaqlarında qalır və onun fəaliyyəti bölgədə sülhü pozmaq missiyasını davam etdirdiyini deməyə əsas verir. Son günlər diqqətçəkən məqam təkcə Vardanyanın Qarabağdakı erməni əhalisinin reinteqrasiyası əleyhinə olan addımları yox, həm də Qərb mediasının onu “vurmasıdır”.
Ukrayna Vardanyanı beynəlxalq axtarışa verdi. Britaniya mediasında Vardanyana qarşı ciddi fikirlər səsləndirildi. Sonuncu olaraq da Belçikanın nüfuzlu “EUReрorter” nəşri Avropa İttifaqını Rubenə qarşı konkret addımlar atmağa çağırıb.
Qərbdə iki əsas tezis irəli sürülür: birincisi, Vardanyan Cənubi Qafqazda sülhü pozur; ikincisi, o, Putinin yaxın dostudur və Kremlin missiyasını həyata keçirir;
Əslində hər iki məqam Vardanyanın zərərsizləşdirilməsi üçün əsas verir, lakin onun başqa ölkənin (Azərbaycan) ərazisində separat fəaliyyəti belə “vurulması”na yetərli olacaq qədərdir.
Burada maraqlı məqam Rubenə qarşı Qərbdə bu mövqeyin niyə indi sərgilənməsidir. Axı o, Qarabağa qanunsuz yerləşəndə rəsmi Bakı həyacan təbili çalmış, bunun Rusiyanın layihəsi olduğunu və məqsədin sülhü pozmaq olduğunu elan etmişdi. Qərb niyə o zaman yox, indi hərəkətə keçirir?
Vardanyanın Putinə yaxın şəxs olduğu və çirkli pulların yuyulmasında iştirak etdiyi də yeni xəbər deyil, o baxımdan, indi baş verənlərin kökündə bu amilin dayandığını demək çətindir. Bu, sadəcə olaraq səbəb kimi göstərilə bilər. Bununla yanaşı, Vardanyan Putinə yaxın olsa da, Rusiyada həmişə qərbmeyilli milyarder olaraq tanınıb və Avropa ölkələrinin rəhbərləri ilə sıx təmaslara malik olub, misal üçün, Böyük Britaniyada yüksək səviyyədə əlaqələrinin olduğu sirr deyil.
İstisna deyil ki, konyuktura dəyişir və Avropa paytaxtlarındakı əlaqələri belə Vardanyanı xilas etmək üçün yetərli olmayacaq. O da istisna deyil ki, bu prosesdə Bakının nüfuzu da həlledici məqamlardan biridir.
Nəticə etibarilə, Qərbin Vardanyanın həbsinin vacibliyini aktuallaşdırdığını görürük.
Bu necə baş verə bilər?
Vardanyan Avropaya səfər edərsə, o, sanksiyalardan yayınmaqda Rusiyaya kömək etmək ittihamı ilə həbs oluna, yaxud Qarabağda qanunsuz fəaliyyətinə görə Bakıya təhvil verilə bilər. Hərçənd, bunu bilən Vardanyan Avropaya getməkdən çəkinəcək. Lakin Rusiyaya da gedə bilməyəcək, çünki bütün çıxışlar Azərbaycanın nəzarətindədir və onun addımlarının izlənildiyi istisna deyil. Burada mümkün versiya kimi Bakının "Vardanyan əməliyyatı"na beynəlxalq səviyyədə “yaşıl işığın” yandırılması görünür: Azərbaycan kəşfiyyatı Rubeni Xankəndi küçələrindən götürə və Bakıda məhkəmə qarşısına çıxara bilər.
Asif Nərimanlı