Perspektiv əməkdaşlıq istiqamətləri
Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib.Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki,Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Diqqətəlayiq haldır ki,Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan ilə Pakistan arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir: “Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 15-də mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Həm də bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Təsadüfi deyil ki, Bakının müxtəlif yerlərində hələ İkinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqları bu gün də öz yerlərində dalğalanır.
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Öz bəyanatında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Əlbəttə ki, əməkdaşlığın xüsusilə enerji sahəsində böyük perspektivləri vardır. Həm də bu perspektivlər istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində kifayət qədər cəlbedicidir.
Ölkələrimiz arasında digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılmışdır. Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuş və gələcəkdə daha yüksək səviyyəyə qalxacaq.
Güntəkin Sabir qızı
147 saylı texniki humanitar liseyin tarix müəllimi