Azərbaycan-Türkiyə münasibətləri gələcək inkişaf üçün böyük önəm daşıyır
Prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğanın ilk olaraq dövlət səfəri ilə Azərbaycana gəlməsi iki ölkə arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm olmasını nümayiş etdirməklə yanaşı, həm də rəsmi Ankaranın qlobal siyasi proseslərdə fəal rol oynadığını da göstərir. Hamıya məlumdur ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. Onu da qeyd edim ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir.
Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuat qarşısında birgə bəyanatla çıxış etmələri və bu bəyanatda toxunduqları məsələlər, iki ölkənin yalnız siyasi və hərbi deyil, eyni zamanda nəqliyyat-tranzit, təhsil, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyini deməyə əsas verir.
Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin iki ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir. Bu, Türkiyənin Azərbaycana, Azərbaycanın isə Türkiyəyə dəstək verməsi, eləcə də bütün sahələrdə əlaqələrin dərinləşməsi, həm siyasi, həm iqtisadi, xüsusən hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsi baxımından çox önəmlidir. Mahiyyət etibarilə, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Bəyannamə iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.
Mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə bu beynəlxalq layihəyə həm siyasi, həm də sərmayə baxımından dəstək verməyə hazırdır. Bu nəqliyyat yolunun həyata vəsiqə alması regionun bütün dövlətləri üçün faydalıdır və buna Avropa da dəstək verir. Baxmayaraq ki, bu nəqliyyat və tranzit layihəsi Ermənistan üçün də faydalıdır. Rəsmi Yerevan buna maneə olmağa çalışır. Bu fakt isə onu deməyə əsas verir ki, Ermənistan müstəqil siyasət apara bilmir və regionda geosiyasi maraqları olan qüvvələrin alətinə çevrilib. Burada da Türkiyə əhəmiyyətli siyasi aktor kimi həmin qüvvələrin qarşısını almaq iqtidarındadır. Birgə bəyanatda R.T.Ərdoğan təsadüfən bu məsələyə toxunmadı. Türkiyə öz nüfuzu və iqtisadi inkişafı ilə destruktiv qüvvələri neytrallaşdırmaq imkanına malikdir.
Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Mətbuat konfransında ölkəmizin Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılacağı ilə bağlı bəyanatlar səsləndirilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini, hansı islahatlar aparmalı olduğunu, öz inkişaf yolunu müəyyənləşdirəcəyini bir daha ortaya qoydu. Hər iki ölkənin hərbi texniki qurumları, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edir, eyni zamanda, tərəflərin təşkilatçılığı və iştirakı ilə müdafiə sənayesi sərgisi təşkil olunur. Azərbaycan həmişə Türkiyə Ordusunun təcrübəsindən faydalanıb. Cari il ərzində 16 birgə hərbi təlim keçiriləcəyi planlaşdırılmışdır ki, onlardan 6-sı artıq keçirilmişdir. Yeri gəlmişkən, Silahlı Qüvvələrimizin Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işləri aparılacaq.
Bəyanatının sonunda cənab Prezident bir daha qardaş ölkə Türkiyə ilə münasibətlərin qırılmaz bağlara malik olduğunu xatırladaraq qeyd etdi: “Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.”
Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini