MHP sədri Türkiyənin Azərbaycandakı səfirinə məktub göndərdi
Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Cahit Bağçıya başsağlığı məktubu ünvanlayıb.
MHP mətbuat xidməti xəbər verir ki, məktubda deyilir:
"Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri hörmətli Cahit Bağçıya
Hörmətli səfir,
Qardaş ölkəmiz Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların tələfatı bizi dərindən sarsıtdı.
Bu cür dəhşətli təbii fəlakətin baş verməsi ilə əlaqədar olaraq Sizə və Türkiyə Cümhuriyyəti dövlətinə, bütün Türk xalqına Milli Həmrəylik Partiyasının (MHP) üzvləri adından başsağlığı verir, üzüntülərimizi bildirir, zəlzələdə həyatını itirənlərə Cənabi-Allahdan rəhmət diləyir, yaralıların isə tez sağalmaları üçün dua edirik.
İnanırıq ki, müdrik Türk xalqı bu ağır sınaqdan da şərəflə çıxacaq və təbii fəlakətin tükürpərdici nəticələri tezliklə aradan qaldırılacaq.
Türkiyənin acısı bizim acımızdır. Azərbaycan olaraq hamımız Türkiyənin yanındayıq!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri"