Siyasi iradə nümunəsi
Azərbaycanın çağdaş tarixində elə şərəfli günlər var ki, bütövlükdə xalqın milli ideyalar uğrunda mübarizəsini, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzmini özündə təcəssüm etdirir. Məhz 20 Yanvar faciəsi də milli qəhrəmanlıq səlnaməmizdə belə parlaq səhifələrdən biridir. İnsanlığa qarşı tarixi cinayət olan 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq həmin günlər hər birimizin yaddaşına əbədi həkk olunmuş və heç bir zaman unudulmayacaqdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədiildi. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
Həmin gecə Bakıda sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş, 744-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Azərbaycan xalqı bu ağır günlərdə o zamanki rəhbərliyin xalqımıza qarşı nümayiş etdirdiyi düşmən münasibəti gördükdən sonra anladı ki, xalqı tarixin ağır sınağından uğurla çıxara biləcək həqiqi, böyük liderə ehtiyacı vardır. Həmin vaxt Moskvada ağır şəraitdə yaşayan, bir an da olsun sovet rəhbərliyinin nəzarətsiz qoymadığı Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək həm yerli, həm də xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmişdir. Baş vermiş qanlı olay barəsində dünya ictimaiyyətinə geniş məlumat verərək Kommunist partiyasının baş katibi Mixail Qarbaçovun, sovet ordusunun Azərbaycana garşı törətdikləri qanlı cinayəti böyük cəsarətlə ifşa etdi. Bütün dünyanın susduğu vaxtda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı eyni zamanda faciəyə verilən ilk siyasi qiymət kimi tarixə düşmüş oldu.
Xüsusi olaraq qeyd etməliyik ki, hər il hüzn günü kimi qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində eyni zamanda qəhrəmanlıq salnaməsi, şan, şərəf və mənlik günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan günəşin qızıl şəfəqlərini simvolizə edirdi. Vətəndaşımız o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbinin qorxunc hücumuna qarşı sinə gərməyi, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. O hadisələr açıqca göstərdi ki, azərbaycanlılar azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda çarpışmaq əzminə sahibdir.
Ümumilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.” Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir, onların əziz xatirəsini dərin ehtiramla yad edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq hər il bu faciə ilə bağlı anma mərasimləri dövlət səviyyəsində həyata keçirilir.
20 Yanvar faciəsi həm əbədiyaşar müstəqilliyimizin ilk addımları, həm də xalqımızın mübarizliyinin, məğrurluq və sarsılmazlığının simvolu kimi xatirələrdə əbədi yaşayacaqdır. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, onların ailələrinə dərin hüzünlə baş sağlığı veririk.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri