Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcəkdir
Bildiyimiz kimi yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti cənab Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə tədbirin açılış mərasimində iştirak etmişdir. “İqlim fəaliyyətində birlik” mövzusuna həsr edilən tədbirdə dövlətimizin başçısı geniş nitqlə çıxış edərək ölkəmizdə son illərdə bərpaolunan enerji sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs etdi.
Məlumat üçün bildiririk ki, 2008-ci ildə təsis olunan Əbu Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Qeyd etməliyik ki, Əbu Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Bu dəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak etmişdir. Dayanıqlılıq Həftəsinə Azərbaycan Respublikasının Prezidentinin dəvət olunması heç də təsadüfü deyildi. Belə ki, Azərbaycan liderinin bu mötəbər tədbirə dəvət alması İlham Əliyev cənablarının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Cənab Prezident tədbirdə çıxışı zamanı Azərbaycan dövlətinin bərpaolunan enerji və ekoloji təmizliklə bağlı konseptual yanaşmasından və əldə edilən praktik nəticələrdən, həmçinin bu istiqamətdə ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə artan əməkdaşlıqdan geniş bəhs etmişdir. Ölkə başçısı son dövrlərdə ölkələr üçün enerji təhlükəsizliyinin böyük əhəmiyyət daşımasını xüsusi vurğulayaraq bildirmişdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini artıq neçə ildir ki, təmin edib. Bərpaolunan enerji sektorunda həyata keçirilən layihələrə də toxunan dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın bu sahədə potensialı 200 GVT-a yaxındır və mövcud potensial ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Cənab Prezident eyni zamanda Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji potensialından da bəhs edərək bildirmişdir ki, həmin ərazilərdə “yaşıl enerji” zonası yaradılacaqdır.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan son illərdə dünyanın mövcud geosiyasi fonunda enerji ixracında mühüm rola malik olmaqla neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı layihələrə gəldikdə isə cənab Prezidentin də vurğuladığı kimi bu istiqamətdə ölkəmiz tamamilə fərqli gündəliyə malikdir. Burada əsas məqsəd nəhəng potensialdan səmərəli istifadə etməklə ixracımızın şaxələndirilməsidir. Beləliklə bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri