İsrail səfiri 2023-cü ildə Azərbaycan ilə əməkdaşlığın prioritetlərini açıqlayıb
Bu il Azərbaycan və İsrail arasında turizm sahəsində artımın qeydə alınacağını gözləyirik.
Bu barədə “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Turizm sektorunun daha da fəallaşması üzərində də çalışacağıq və uçuşların sayını və infrastrukturu nəzərə alaraq, bunun 2023-cü ildə baş verəcəyini hesab edirik. Biz daha çox mədəni mübadilə, Azərbaycanda İsraildən daha çox musiqi şousu olmasını, daha çox İsrail filmi nümayiş etdirilməsini istəyirik”, - səfir deyib.
O, 2023-cü ildə dövlətlər arasında əməkdaşlıq baxımından çoxlu planların olduğunu vurğulayıb. Belə ki, biznes sahəsində əməkdaşlığın fəallaşacağı gözlənilir.
Corc Dik İsrailin “IDE Technologies” şirkətinin “Azərbaycan İnvestisiya Şirkəti” ilə Xəzər dənizinin duzsuzlaşdırılması sahəsində birgə layihə üzrə niyyət bəyannaməsi imzaladığını xatırladıb.
“Bu strateji əhəmiyyətli layihə Azərbaycanda hər gün yüz minlərlə kubmetr suyun duzsuzlaşdırılmasına kömək edəcək. Səbirsizliklə bu layihəni 2023-cü ildə tamamlamağı gözləyirik” – o bildirib.