KOBİA-nın 100 minlik tenderini KOBSKA sədrinə bağlı şirkət uddu
Dərc olunub:
20-12-2022, 16:00
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bizim Diyar” MMC (VÖEN – 130687881) olub.
Müsabiqənin şərtlərinə görə “Bizim Diyar” MMC KOBİA-nın sifarişilə Bakının mərkəzində fəaliyyət göstərən 5 ulduzlu otellərin birində “DAYAQ mükafatı tədbirinin keçirilməsi” ilə bağlı xidmətləri həyata keçirəcək və qarşılığında 94 min 401 manat 42 qəpik alacaq.
Qeyd edək ki tədbirin 3 saat davam edəcəyi və 220 nəfər qonağın iştirak edəcəyi bildirilir.
Xəbəri rus dilində oxuyun: Тендер KOBİA на 100 000 выиграла компания, связанная с председателем KOBSKA
Məlumat üçün bildirək ki, 3 saatlıq tədbirin təşkili üçün 94 min manat alacaq “Bizim Diyar” MMC 06.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44-də (Caspian Plaza) yerləşir. MMC-nin qanuni təmsilçisi Cabbarlı Xəzər Azər oğludur.
“Bizim Diyar” MMC bu ilin iyun ayında KOBİA tərəfindən keçirilən daha 3 tender müsabiqəsində qalib olub.
Diqqət çəkən məqamlardan biri odur ki, “Bizim Diyar” MMC yalnız KOBİA-nin keçirdiyi tenderlərdə qalib olub. “Bizim Diyar” MMC-nin adına nə başqa qurumların tenderində, nə də digər açıq internet resurslarda rast gəlmək olmur.
Tenderlə bağlı əsas diqqət çəkən məqam isə odur ki, “Bizim Diyar” MMC-nin qanuni təmsilçisi olan Xəzər Cabbarlı eyni zamanda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədr müavinidir. “Odlar Yurdu”nun sədri olan Ələsgərova Nigar Elman qızı isə tender keçirən qurumda - KOBİA-da İctimai Şuranın üzvüdür.
Nigar Ələsgərova eyni zamanda KOBİA-nın sifarişi əsasında 2020-ci ildə “Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsini həyata keçirib.
Bundan başqa Nigar Ələsgərova 2020-ci ildə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasını (KOBSKA) təsis edərək sədri olub.
A. Cəfərov