Sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır
44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin nəticəsi olaraq imzalanmış üçtərəfli müqavilədən 2 ildən artıq zaman keçməsinə baxmayaraq mənfur düşmən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, 10 noyabr Kapitulyasiya aktının şərtlərinə əsasən bütün silahlı terror dəstələri Azərbaycanın tərkib hissəsi olan Qarabağdan çıxarılmalı olduğu halda bu günə kimi mənfur qonşumuz tərəfindən bu öhdəlik icra edilməmişdir. Bundan əlavə olaraq qeyd etməliyik ki, 30 illik işğal dövründə torpaqlarımıza qarşı vandalizm aktları törədilmiş, təəssüflər olsun ki, bu vandalizm hazırda da davam etdirilir. Üçtərəfli Bəyanata əsasən bölgədə yerləşdirilmiş Rusiya sülhməramlıları isə burada təhlükəsizliyi qorumalı olduğu halda ermənilərə hamilik edir və üzərlərinə götürdükləri missiyanı layiqincə yerinə yetirmirlər. Məhz son günlərdə onların nəzarəti altında olan ərazilərdən tez-tez bölmələrimizə qarşı müxtəlif çaplı silahlardan atəşin açılması onların fəaliyyətsizliyinin bariz sübutudur. Bu azmış kimi həmin ərazilərdə sərvətlərimizin talan edilməsi, ekoloji terrorun törədilməsi ilə bağlı kifayət qədər faktlar da mövcuddur. Azərbaycan ekoloqlarının həmin ərazilərdə monitorinq aparmaları barədə müraciətlərini isə Rusiya sülhməramlıları cavabsız qoymuş və dövlət rəsmilərimizin Azərbaycanın tərkib hissəsi olan və hazırda erməni əhalisinin yaşadığı ərazilərə daxil olması əngəllənmişdir. Beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan sülhməramlı qüvvələr bölgədə əlavə gərginlik yaratmaqla açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirməkdədir. Baş verən proseslər bizə ötən əsrin 80-ci illərinin sonlarında baş verən hadisələri xatırlatmaqdadır. Lakin qeyd etməliyik ki, o zamanlar Azərbaycan hakimiyyətində təmsil olunanların antiazərbaycan siyasəti nəticəsində xalqımız böyük bəlalara düçar olmuşdur. Hər qarışı bizim üçün əziz olan vətən torpaqlarında təbii sərvətlərimizə, flora və faunamıza qarşı törədilən erməni vandalizminə qarşı artıq Azərbaycan dövləti və xalqı biganə münasibət nümayiş etdirməmiş və baş verən terrorun qarşısının alınması üçün sivil formada haqq səsimizi bütün dünyaya çatdırmaq üçün etiraz aksiyası keçirməkdədir.
Qeyd etməliyik ki, dekabr ayının 12-də səhər saatlarından bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar və könüllülər tərəfindən Xankəndindən Ermənistana gedən Laçın yolunun üzərində Rusiya sülhməramlılarının postunun yaxınlığında etiraz aksiyasına başlamış və Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına son qoyulmasını tələb etmişlər. Ekoloji terrora son qoyulması məqsədilə başladılmış bu aksiya çətin qış şəraitinə baxmayaraq 6 gündür ki, davam etdirilir. Baş vermiş aksiyanı kölgə altına salmağa cəhd edən ermənilər və onlara havadarlıq edən qüvvələr müxtəlif yalanlar uyduraraq bu aksiyanın Qarabağda yaşayan erməni əhalisini blokadaya salmaq və yardımlardan məhrum etmək məqsədi daşıdığını bildirirlər. Lakin qeyd etməliyik ki, ilk gündən etibarən aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq və ekoloji terrora son qoyulmasıdır.
Bir daha qeyd edirik ki, Azərbaycanlı fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Qarabağa göndərilən humanitar yardımların keçməsinə yaradılan şərait bunun bariz sübutudur. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımız da birdəfəlik anlamalıdırlar ki, onların vətəni Azərbaycandır. Azərbaycan dövləti ərazisində yaşayan digər xalqlar kimi ermənilərin də rahat və azad şəkildə yaşamalarını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirir və bu siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməkdədir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri