Səfər çərçivəsində imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir
14 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Türkmənistana işgüzar səfərə getmiş və Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə görüşündə iştirak etmişdir. Zirvə görüşünün geniş tərkibli iclasında iştirak edən dövlətimizin başçısı çıxış edərək türk dövlətləri arasında mövcud olan qarşılıqlı münasibətlərdən və onun inkişaf perspektivlərindən bəhs etmişdir. Üçtərəfli Zirvə görüşünün yekununda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə əlaqədar sənədlər imzalanmışdır.
Qeyd etməliyik ki, son illərdə türk dövlətləri arasında bütün sahələri əhatə edən münasibətlərin dərinləşməsi fonunda ölkələrimiz arasında yeni formata uyğun əlaqələr genişlənməkdədir. Nəqliyyat və tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistanın enerji ehtiyatları baxımından zənginliyi Türkiyə ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər üç ölkəni qlobal enerji mərkəzinə çevirməkdədir.
Milli maraqlara söykənən səmərəli və qarşılıqlı əməkdaşlığın istənilən formatına dəstək verən Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının ilk üçtərəfli görüşü də bu istiqamətdə atılan addımlardan biridir. Əlbəttə ki, Türkiyə və Türkmənistanla həyata keçirilən birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir və əhəmiyyətini daha da artırır. Bu birgə layihələr əsasən enerji, nəqliyyat, infrastruktur və logistika sahələrini əhatə edir.
Türkmənistana gəldikdə isə qeyd etməliyik ki, bu ölkənin kifayət qədər zəngin qaz ehtiyatları mövcuddur və bu əməkdaşlıq nəticəsində Türkmənistan öz qazını Azərbaycan və Türkiyə vasitəsilə Cənub Qaz Dəhlizi boyunca Avropa bazarına çıxarmaq niyyətindədir. Üç ölkənin birgə əməkdaşlığı Xəzər hövzəsində mövcud olan karbohidrogen, neft və təbii qazın Avropaya nəql edilməsi üçün olduqca önəmlidir. Hazırda mövcud geosiyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi fonunda Türkmənistan qazının Azərbaycan qazı ilə birgə Türkiyə üzərindən Avropaya çatdırılması çox vacib məsələlərdən biridir.
Dünyada baş verən enerji böhranı hər üç dövlətin mövcud geosiyasi əhəmiyyətini və rolunu artırmaqdadır. 21 yanvar 2021-ci ildə Aşqabadda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” hər iki ölkə üçün bu sahədə əməkdaşlıq, Şərq-Qərb Trans Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə də böyük tövhə verəcəkdir. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüş tarixi əhəmiyyət daşımaqla xüsusi önəm kəsb edir. İnanırıq ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük dəstək verəcək.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri