Sizin Reklam Burada

Diplomatlar və hərbi attaşelər üçün brifinq keçirildi

Diplomatlar və hərbi attaşelər üçün brifinq keçirildiDekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan XİN-dən məlumat verilib.

Brifinq zamanı, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi nəticəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etirazı ilə bağlı yaranmış vəziyyət barədə iştirakçılara ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

O deyib ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.

Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.

H.Hacıyev bildirib ki, son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları çıxış zamanı qətiyyətlə rədd olunub. O, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.

Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sərkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib.

Bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.

Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu bildirilib.

Nazir müavini Elnur Məmmədov çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə ərazilərimizdə faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resurslarının qanunsuz istismarı və qeyri-qanuni iqtisadi fəaliyyət barədə iştirakçılara məlumat verib. Bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlərin cəlb olunduğu, onların sırasında “Base Metals” (“Vallex Group”), “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adları diqqətə çatdırılıb.

Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyətin beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozduğu və Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaratdığı bildirilib. Nazir müavini bu çərçivədə, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı görülən hüquqi tədbirlər barədə məlumat verib.

Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıq olduğu vurğulanıb. Ermənistanın işğal zamanı Sərsəng su anbarında su axımını demək olar ki bağlaması, anbardan kanala suyun yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılması faktları diqqətə çatdırılıb.

Kəlbəcər rayonundakı Söyüdlü, Zəngilan rayonundakı Vejnəli faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarıldığı, təbii sərvətlərimiz mənimsənildiyi, ətraf ərazilərin çirklənməyə məruz qoyulduğu barədə ətraflı məlumat verilib.

Nazir müavini, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə keçmiş işğal olunmuş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət, təbii sərvətlərin qanunsuz istismarı faktlarının qeydə alındığını bildirib.

Sözügedən faktlar nəzərə alınaraq, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin dərhal dayandırılmasının vacib olduğu diqqətə çatdırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər