"O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu"
Tarixi şəxsiyyətlərimizin hər biri haqqında qürur hissilə danışmaq olar. Ulu Öndər Heydər Əliyevin isə tarixi şəxsiyyətlərimiz arasında öz xüsusi yeri var. Onun istər sovetlər dönəmində gördüyü işlər, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmizə qarşı xarici təzyiqlərin dəf edilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, iqtisadi böhranın aradan qaldırılması istiqamətində atdığı qətiyyətli addımlar barədə əlbəttə, çox danışmaq olar. Lakin iştirakçısı olduğum bütün tədbirlərdə, müzakirələrdə Heydər Əliyevdən söhbət düşəndə, mən onu, onun şəxsiyyətini, tarixdəki rolunu, missiyasını ilk növbədə MİLLİ HƏMRƏYLİK nöqteyi-nəzərindən qiymətləndirməyə çalışıram.
Bəli, Heydər Əliyev seçilmiş insan, missiyalı lider idi. O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu. Söhbət müasir tariximizin ən kritik anlarından birində xalqımızın birliyini, Azərbaycanın bütövlüyünü qətiyyət və əzmlə qorumaq missiyasından gedir. Ən kritik anlar deyərkən təbii ki, 1990-cı illərin əvvələrini nəzərdə tuturam. Bu gün siyasətdə olan bir çox insanlar həmin vaxt Azərbaycanın ictimai-siyasi həyatında yaşanan təlatümləri, baş verən siyasi qarşıdurmaları‚ xarici təhdidləri yəqin ki, yaxşı xatırlayır. Yenicə müstəqillik yoluna qədəm qoymuş Azərbaycan qardaş qırğınına, vətəndaş müharibəsinə doğru sürüklənməkdə idi. Ölkəmiz separatçı bölgələrə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsinin bir addımlığında idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına start verilmişdi. Lakin daxildə hökm sürən siyasi hərcmərclik Ermənistanın işğalçılıq siyasətinin qarşısını almağımıza heç cürə imkan vermirdi.
Bir sözlə, həmin vaxt ölkəmiz elə bir çıxılmaz duruma düşmüşdü ki, nə AXC-Müsavat hakimiyyəti ölkəni bu durumdan çıxarmaq iqtidarında idi, nədəki hakimiyyətə gəlmək istəyən digər siyasi qüvvələrin siyasi böhrana, iqtisadi tənəzzülə, cəbhədəki hərbi uğursuzluqlara son qoymaq imkanı, milli birliyimizi qorumaq üçün potensialı vardı. Azərbaycan təkcə siyasi, iqtisadi, hərbi böhranla üz-üzə deyildi. Biz həmin vaxt sözün həqiqi mənasında lidersizlik böhranı ilə də üzləşmişdik. Hamımız ümummilli liderlik yükünü ləyaqətlə, şərəflə daşıya biləcək böyük LİDER axtarışında idik. Torpaqlarımızın və müstəqilliyimizin itirilməsi faciəsinin bir addımlığında dayandığımız belə bir acınacaqlı durumda əsl siyasi liderə ehtiyacımız vardı. Və bu rolu, bu missiyanı yalnız Heydər Əliyev yerinə yetirə bilərdi. Bu həqiqəti hamı dərk edirdi.
Ona görə də, xalqımız Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Onun böyük siyasətə dönüşü möhtəşəm idi. O, öz missiyasını bütün məsuliyyəti ilə dərk edirdi. Birdən-birə bu qədər ağır problemlərlə üzləşən gənc Azərbaycan dövlətini xilas etmək üçün əsl fədakarlıq tələb olunurdu. Heydər Əliyev bu fədakarlığa hazır idi. O, həm daxildəki siyasi təxribatçılar və separatçı qüvvələrlə, həm də xarici güclərlə qeyri-bərabər şəraitdə, ağır şərtlər altında mübarizə apararaq Azərbaycanı bölünməkdən, parçalanmaqdan, işğal olunmaqdan xilas etdi. Bu, onun Azərbaycan xalqına ən böyük xidməti idi.
Təsadüfi deyil ki, hətta opponentlər də Heydər Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycanın xilas və dirçəliş dövrü kimi qiymətləndirir. Bu da onun danılmaz uğurudur. Müasir Azərbaycan dövlətini yenidən quran Heydər Əliyev bu uğura məhz milli birlik, həmrəylik ideyalarına söykənərək imza atdı. Tariximizin ən böhranlı məqamında Heydər Əliyevin bütün azərbaycanlıları bir yumruq kimi birləşdirə bilməsi həqiqətən də fenomenal hadisə idi. Xalqımız qədirbilən xalqdır. Biz onun xidmətlərini heç vaxt unutmuruq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri