RUS HƏRBÇİLƏR AZƏRBAYCANLI JURNALİSTLƏRİ XOCALIYA BURAXMADI - Mübahisə yarandı +VİDEO
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.
"Report" İctimai Televiziyaya (İTV) istinadla xəbər verir ki, azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb.
Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.
İTV-nin bölgəyə ezam olunmuş jurnalisti isə onlara “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.
Məsələ burasındadır ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlı Qarabağ ərazisində müvəqqəti quraşdırdığı postlardan azərbaycanlı jurnalistləri buraxmayıblar.