İsrailin nüfuzlu saytı Azərbaycanın bölgədəki əhəmiyyətindən bəhs edib
İsrailin https://www.israeldefense.co.il xəbər saytında Azərbaycan, İsrail və İran münasibətlərindən bəhs edən məqalə yayımlanıb.
Məqalədə bildirilib ki, İsrail və İran arasındakı hərbi gərginlik fonunda nəzərlər Azərbaycana yönəlir. Çünki yəhudi və Azərbaycan xalqı arasında yüzilliklərə söykənən dostluq münasibətləri, Bakı və Yerusəlim arasında sıx tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın İranla təxminən 800 km-lik uzunluqda ümumi sərhədə malik olduğu və İranda daha çox azərbaycanlının yaşadığı vurğulanıb.
Məqalədə vaxtilə Azərbaycandan İsrailə köçmüş politoloq, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin İsraildəki şöbəsinin sədri Roman Qureviçin filkirlərinə geniş yer verilib.
Azərbaycanda dünyaya gəldiyini, boya-başa çatdığını bildirən Roman Qureviç deyib ki, İsrailə köçəndən sonra, demək olar ki, hər ay Bakıya səfər edir. Dünyəvi dövlət olan Azərbaycanda 40 minə yaxın yəhudini əhatə edən icmanın yaşadığını, ölkəmizdə anti-semitizm meyllərinin olmadığını, yəhudi əsilli azərbaycanlıların Birinci və İkinci Qarabağ müharibəsində döyüşdüklərini, 1992-ci ildə Şuşada həlak olan Albert Aqarunova Azərbaycanın Milli Qəhrəmanı adının verildiyi, yəhudi icmasının azərbaycanlıların qələbə qazanması üçün dualar etdiklərini nəzərə çatdırıb. İran tərəfinin israilli əsgərləri Azərbaycanla sərhəddə gördükləri iddiasına Azərbaycan Prezidentinin İsrail istehsalı olan dronun fonunda şəkil çəkdirməklə cavab verdiyini xatırladıb.
Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında Azərbaycanın oynadığı mühüm rola diqqət cəlb edən politoloq hesab edir ki, zamanı gələndə Yerusəlimlə Tehran arasında münasibətlərin normallaşdırılmasında da rəsmi Bakı vasitəçilik edə bilər. Hazırda Azərbaycanın İsraildə səfirlik açmağa hazırlaşdığını vurğulayan politoloq qeyd edib ki, Prezident İlham Əliyevin dost ölkəyə səfərini çox arzulayırlar.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israeldefense.co.il/node/56371