Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilmiş və tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları geniş nitqlə çıxış etmişdir. Cənab Prezident öz çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ən böyük şah əsəri olan və “dünənin, bu günün və sabahın” partiyası adlandırılan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi 30 illik şərəfli yoldan bəhs etdi. Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi”.
Ölkə başçısı öz nitqində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edərkən xüsusi olaraq vurğulamışdır ki, “Heydər Əliyevin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır”.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Xüsusi olaraq qeyd etməliyik ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş və yaranmasının 30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. YAP-ın yarandığı tarixi zamana və həmin dövrdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrə nəzər saldıqda partiyanın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünü büruzə verir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı.
Şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz itirilmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olundu. Ona ünvanlanmış müaraciətlər heç bir zaman biganə qalmayan və hər zaman xalqının yanında olan Ulu Öndər bu müraciətə də müsbət cavab verdi və 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ulu Öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tezliklə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi və ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ulu Öndər öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.
Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri