"Rəsmi Tehrana bir daha açıq diplomatik-siyasi dildə başa salındı ki..."
Prezident İlham Əliyevin Arazın o tayındakı soydaşlarımızın haqq və hüquqları ilə bağlı hər çıxışı Güney Azərbaycanda böyük rezonans doğurur, ajiotajla qarşılanır. Bəli, belə də olmalıydı. Çünki bir əsrə yaxındır şah rejimi və fars-molla hakimiyyəti tərəfindən haqqları tapdalanan Güneyli soydaşlarımızın bizdən və qardaş Türkiyədən başqa güvənə biləcəkləri, ümidlə baxa biləcəkləri ikinci bir ünvan yoxdur.
Dövlət başçımızın noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bir sıra mühüm məqamlar sırasında İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqeyə və Güney Azərbaycan türklərinin təməl haqqlarının təmin olunmaması məsələsinə də münasibət bildirdi. Mən həmin çıxışda iki nüansa diqqətinizi cəlb etmək istərdim.
Birincisi, Azərbaycan Prezidenti qeyd etdi ki, “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Zənnimcə, bu, Azərbaycan liderinin davakar molla rejiminə verdiyi ən layiqli cavablardan biri kimi qiymətləndirilməlidir. Beləliklə, rəsmi Tehrana bir daha açıq diplomatik-siyasi dildə başa salındı ki, siz bizi başqaları ilə səhv salmayın və sizin Araz çayı boyunca hərbi təlimlər keçirməyiniz Azərbaycan tərəfini əsla qorxuda bilməz! Həmçinin İlham Əliyev artıq tam açıq şəkildə bəyan etdi ki, bundan sonra İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik.
Bu bəyanat əslində mollaların sifətinə çırpılmış tərs şapalaq kimi dəyərləndirilməlidir. Onlar bu bəyanatdan sonra ciddi şəkildə narahat olmağa başlayacaqlar. Günahkar mollalar özləridir. Onlar İranla və digər qonşularımızla daim dinc yanaşı, mehriban qonşuluq şəraitində yaşamaq xəttini yürüdən, sülhə və əminamanlığa can atan Azərbaycanı öz çirkin, təhrikedici əməlləri ilə, xain davranışları ilə bu həddə gətirib çatdırmamalıydılar. Eybi yox, bizim itirəcəyimiz bir şey yoxdur, İran itirən tərəf olacaq. Necə deyərlər, nə əkiblərsə, onu da biçəcəklər.
Mollalar devirdikləri və ölkədən qovduqları İran şahının Güney Azərbaycan türklərinə qarşı yürütdüyü ədalətsiz siyasəti davam etdirməklərindən, onlara ana dilində təhsil almaq hüququ verməmələrindən utanmalıdırlar. Azərbaycan dövləti bundan sonra bu məsələni də daim diqqət mərkəzində saxlayacaq.
Prezident İlham Əliyev də ADA-dakı çıxışında qeyd etdi ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur: “Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.
Azərbaycan Prezidenti məsələni bu formada qaldırmaqda tamamilə haqlıdır. Güneylilərin ana dilində təhsil almaq hüququ heç bir halda İranın daxili işi sayıla bilməz. Molla rejimi bu haqqı tanımalı və təmin etməlidir. Türklüyə və müsəlmanlığa qarşı daim düşmən mövqe tutan bir ovuc erməniyə İranda ermənicə təhsil almaq üçün hər cürə imkanlar yaradan və üstəgəl, işğalçı Ermənistanı dəstəkləyən İran hakimiyyəti bu cür riyakar, ikiüzlü siyasətini əbədi davam etdirə bilməz. Mollalar bilməlidir ki, biz Güneyli soydaşlarımızı tək qoymayacayıq!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri