"Azərbaycan daim xarici siyasətdə aktivlik göstərmiş bir dövlətdir"
Azərbaycan prezidenti İlham Əliyevin son dönəmlərdə kifayət qədər fəal xarici siyasət yürütməsi, dövlətimizin milli maraqlarının müdafiəsi istiqamətində gördüyü işlər təqdir olunur. Əslində Azərbaycan daim xarici siyasətdə aktivlik göstərmiş bir dövlətdir. Sadəcə olaraq Qarabağ probleminin mövcudluğu bizim imkanlarımızın və enerjimizin daha çox bu istiqamətə sərf olunması ilə nəticələnirdi.
Bunu "Xalq Cəbhəsi"nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Siyasi şərhçi vurğulayıb ki, hazırda isə biz bu problemi uğurla həll etmiş Azərbaycanın bölgənin və dünyanın problemlərinin həllində aktiv rol aldığını müşahidə edirik: "Azərbaycanın digər dövlətlərlə istər ikitərəfli, istər çoxtərəfli formatlarda gördüyü işlər sülhə, sabitliyə ciddi töhfədir. Dövlət maraqlarını xarici siyasətdə peşəkarlıqla müdafiə və təmin edən İlham Əliyevin davranışı təlatümlü dünyamızda ölkəmizin çətinliklərdən problemsiz çıxmasına səbəb olur. Dövlət başçısının Brüssel, Əlcəzair, Serbiya səfərləri məntiqi çıxışlar, önəmli məqamların gündəmə gətirilməsi, siyasi, hərbi, iqtisadi sahələrdə imzaladığı sənədlər Azərbaycanın uğurlu diplomatik gedişləri kimi qiymətləndirilə bilər.
Geosiyasi məkanda böyük dövlətlərin siyasi maraqlarını dövlətimizin maraqları ilə uzlaşdırmağı bacaran Azərbaycan prezidenti örnək sayıla biləcək gedişlər etməkdədir. Azərbaycan regional və qlobal anlamda baş verən proseslərdə ciddi töhfə verməkdədir. Ölkəmiz bu işləri Qoşulmama Hərəkatının sədri, Türk Dövlətləri Təşkilatının həmtəsisçisi, İslam Əməkdaşlıq Təşkilatı və s. bu kimi önəmli beynəlxalq qurumlarda olan imkanları vasitəsilə gündəmə daşıyır. Bütün bu uğurlu diplomatik gedişlər gələcəkdə Azərbaycanın daha geniş imkanlar əldə etməsinə gətirib çıxaracaq".