"Azərbaycanın xarici siyasətdəki uğurları ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır"
Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlar var. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilən hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır.
Bunu "Xalq Cəbhəsi"nə iqtisad elmləri fəlsəfə doktoru Xaliq Məmmədov deyib.
O, qeyd edib ki, son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif regionları əhatə edən fəal xarici siyasət kursu həyata keçirir. Bir region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkəyə xas olan xüsusiyyətdir. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir:
"Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilib".
X.Məmmədov onu da vurğulayıb ki, Azərbaycanın daha geniş çərçivədə Asiya ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi də xarici siyasətin uğurlarından biridir: "Prezident İlham Əliyevin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakı, 2022-ci il sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirakı dövlət başçımızın dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir. Azərbaycanın ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələrini inkişaf etdirməsi, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində önəmli yer tutması rəsmi Bakının dünyadakı nüfuzunin göstəricisidir. Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.".
X.Məmmədov Azərbaycanın Cənubi Qafqazda yaranmış yeni reallıqla uzlaşan siyasətinə də toxunub. Bildirib ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri, Azərbaycan-Gürcüstan-Ermənistan formatı təşəbbüsünün irəli sürülməsi buna əyani sübutdur: "Bundan başqa, Brüssel formatı, Avropa İttifaqı ilə əlaqələrin inkişafı, Aİ-yə üzv olan 10 ölkə ilə Azərbaycanın strateji tərəfdaş olması da rəsmi Bakının diplomatiyasının uğurları sırasındadır. 2022-ci il oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada iştirakı, Balkan ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi, Albaniya və Serbiyaya səfərləri, enerji sahəsində əməkdaşlıq, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun yüksəlməsindən xəbər verir. Elə bu ayın ilk günündə Ərəb Dövlətləri Liqasının Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması bu təşkilatla ölkəmiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir. Dövlətimizin başçısı bu tədbirdə çıxışı zamanı yenə də Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Bundan başqa, türk dövlətləri ilə tərəfdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıqdan inteqrasiyaya keçid, Türk Dövlətləri Təşkilatının inkişafı, güçlənməsində rəsmi Bakının xüsusi rolu var. Azərbaycanın bu təşkilatda xüsusi yeri və rolu bütün türk dünyasının inkişafı və həmrəyliyi üçün faydalıdır. Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində də Azərbaycanın xüsusi fəallıq göstərib. Prezident İlham Əliyevin son iki ayda bu ölkələrə səfərləri, qarşılıqlı siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edən fəal siyasətin nümunəsidir. İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması multiregional siyasətin, ardıcıllıq və məqsədyönlülüyün təzahürüdür".
X.Məmmədov sonda vurğulayıb ki, diplomatiyamızın uğurları, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi Prezident İlham Əliyevin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə, ardıcıl həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir.