İran XİN-in sözçüsü Azərbaycanla bağlı müsbət mesajlar verdi
Qonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərdə prinsipimiz qarşılıqlı hörmətdir.
Avrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan Respublikası arasında son vaxtlar müşahidə olunan gərginliyə toxunarkən deyib.
“Bizim qonşularımızla və konkret olaraq Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə prinsipimiz qarşılıqlı hörmət, ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafıdır”.
O əlavə edib ki, son bir ildə iki ölkə arasındakı əlaqələr yüksəlişdə olub və münasibətlər ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə doğru irəliləyir.
“Təəssüf ki, münasibətlərin inkişafı üçün ümumi siyasi iradə tendensiyasına zidd olan məsələlər də baş verir. İranın davranış və fəaliyyətinin əsasında ümumi məsələlər və maraqlar üzərində cəmləşdirməyə çalışmaq durur”.
N.Kənani Bakıya müraciət edərək deyib:
“Mübahisəli məsələlərdən, anlaşılmazlıqlardan tribunalar arxasından danışmamalı, mediadan dostluq üçün fürsət kimi istifadə etməliyik. Biz Azərbaycan hökumətinin rəsmilərinin diqqətini ümumi məsələlərə cəmləşdirməyin və ikitərəfli danışıqlar şəklində anlaşılmazlıqların qarşısının alınması və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradılmasının vacibliyinə yönəltdik”.
Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra qeyd edib ki, Tehran Bakıdan müsbət impulslar alıb:
“Bu yaxınlarda Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlar şəklində müsbət mesajlar aldıq və ümid edirik ki, buna uyğun olaraq ikitərəfli danışıqlar şəklində lazımi addımlar atılacaq”.