"Azərbaycanla Albaniya arasındakı münasibətlər inkişaf etməkdədir"
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasi vəziyyətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı. Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Məhz şanlı qələbəmiz və dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizin hüdudlarından kənarda da diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir.
Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələr ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla bir sıra Avropa dövlətləri arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Qeyd etməliyik ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin ortaya çıxması Avropanın xarici siyasətində bir sıra köklü dəyişikliklərə gətirib çıxarmışdır. Alternativ bazarlara yönələn Avropa üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynaya bilər. Bütün bunların nəticəsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətini dərindən anlayan Qərb ölkəmizlə münasibətlərdə yeni mərhələyə keçmişdir. Məhz bunun nəticəsidir ki, son aylarda bir sıra Avropa dövlətləri Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirməyə çalışır. Ölkəmizin Albaniya ilə münasibətlərinin inkişafında da bu amil mühüm rol oynayır. İki dövlət arasında son illərdə baş tutan dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlıqda yeni səhifənin açılmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının noyabrın 15-də Albaniyaya rəsmi səfəri bu münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Səfər zamanı iki dövlət arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilmiş və bir sıra razılıqlar əldə edilmişdir.
Qeyd etməliyik ki, Azərbaycanla Albaniya arasında mövcud əməkdaşlıqda enerji sahəsində əməkdaşlıq əsas rol oynayır. Azərbaycanın Avropaya qaz ixracında Albaniya tranzit ölkə rolunu oynayır. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Həyata keçirilən TAP layihəsi iki dövlətin maraqlarına xidmət etməklə yanaşı bu əməkdaşlığın inkişafında aparıcı mövqeyə malikdir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar.
Səfər çərçivəsində mətbuata verilən bəyanatlarda qarşılıqlı əməkdaşlıqdan geniş bəhs edən cənab Prezident Azərbaycanın Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəyindən danışaraq bildirmişdir ki, biz bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik.
Sevindirici haldır ki, hazırda Albaniya ilə bütün sahələrdə əlaqələrimiz çox möhkəmdir və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimizin böyük gələcəyi vardır. Bütün bunların nəticəsində inanırıq ki, tezliklə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətə çevriləcəkdir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru