"Şərin qarşısını birgə almaq üçün milli həmrəyliyimiz çox vacibdir"

"Şərin qarşısını birgə almaq üçün milli həmrəyliyimiz çox vacibdir"DTX-nin keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində İranın ölkəmizdəki daha bir casus şəbəkəsinin ifşa edilməsi onu göstərir ki, İran hakimiyyəti gənclərimizin dini-mənəvi zəmində beyinlərinin "yuyulması" və onların Azərbaycana qarşı təxribat-casusluq fəaliyyətlərinə cəlb edilməsi üçün uzun illər ərzində həqiqətən də çox geniş və sistemli iş aparıb. Fars-molla rejiminin Azərbaycandakı uzantıları son 30 ildə ölkəmizdə dini-siyasi müstəvidə hökm sürən liberal mühitdən sui-istifadə edərək bir sıra vətəndaşlarımızı ələ alıb və şəbəkələşiblər. Bu şəbəkəni deşifrə etmək, üzə çıxarmaq, zərərsizləşdirmək elə də asan deyil.

Təqdirəlayiq haldır ki, son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran İslam Respublikası xüsusi xidmət orqanlarının nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Biz bu tədbirlərin səmərəli olacağına, müsbət nəticə verəcəyinə inanırıq.

Bir müddət əvvəl də İrana casusluq edən Azərbaycan vətəndaşlarından ibarət olan bir silahlı dəstənin üzvləri DTX tərəfindən saxlanılmışdı. Lakin görünən budur ki, cənub qonşumuzun dəstəklədiyi radikal dini dəstələrin, qruplaşmaların sayı çoxdur. Və onlar son həbslərdən sonra ya bir müddət "kölgə"yə çəkiləcək, yenidən fəallaşmaq üçün əlverişli məqam gözləyəcəklər, yadaki qisas məqsədilə Azərbaycanın bu və ya digər ərazisində təxribat və terror hadisələri törətməyə çalışacaqlar.

Odur ki, İran xüsusi xidmət orqanları nümayəndələrinin, milli satqınların həyata keçirə biləcəyi təxribatların və kəşfiyyat-pozuculuq işlərinin qarşısının alınması üçün bu aralar hamımız ayıq-sayıq olmalıyıq. Molla rejimindən və onun əlaltılarından hər cür pislik gözləmək olar. Şərin qarşısını birgə almaq üçün milli həmrəyliyimiz çox vacibdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri