Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək
Bildiyimiz kimi noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etmişdir. Dövlətimizin başçısı Zirvə toplantısında geniş nitqlə çıxış edərək bir sıra qlobal xarakter daşıyan məsələlərə toxunmuşdur.
Xüsusi qonaq qismində Ərəb Dövlətləri Liqasının Sammitində iştirak bir daha göstərdi ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı olduqca çoxdur. Avropa və Asiyadan sonra Afrikada təşkil edilən siyasi müzakirə platformalarında da Azərbaycan üçün xüsusi yer ayrılıb. Bu isə təbii ki, ölkəmizin və onun liderinin nüfuz və rolunun artması ilə yanaşı dünyada cərəyan edən iqtisadi-siyasi proseslərə ədalətli və obyektiv yanaşmanın nəticəsidir. Hazırda qürurverici haldır ki, BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır.
Cənab Prezident məhz çıxışında ölkəmizin Qoşulmama Hərəkatının fəaliyyətinə verdiyi tövhələrdən geniş bəhs etmiş və bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən rəhbərlik etməyə başlamış və bu müddət bütün üzv ölkələrin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadılmışdır. Bu da öz növbəsində bizim mövqeyimizə olan yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir.
Qoşulmama Hərəkatının sədri statusunda olan Cənab Prezident öz çıxışında həmçinin özlərini “demokratiyanın beşiyi” adlandıran bəzi qərb dövlətlərinin tarixi keçmişindən də bəhs edərək bildirmişdir ki, Fransa kimi ölkələrin tarixi keçmişdə törətdiyi və hazırda da davamlı cəhd etdiyi siyasətə açıq şəkildə kəskin münasibət bildirməliyik. Çünki Fransa tarixi keçmişində müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, məsuliyyət daşımalı, bu xalqlardan üzr istəməlidir. Ancaq bunu etmək əvəzinə özünün imperialist və təcavüzkar siyasətini Cənubi Qafqaza da gətirməyə çalışır.
Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç bir zaman unutmamalıdır. Fransa 100 ildən çox müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparmış və bu müharibə 1,5 mln Əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu baxımdan Əlcəzair ilə Azərbaycan xalqının tarixi keçmişində oxşarlıq mövcuddur. Belə ki, Azərbaycan da Əlcəzair kimi uzun illər işğaldan əziyyət çəkmiş və xalqımız tarix boyu mənfur qonşumuz və onun havadarlarının təcavüzünə və işğalına məruz qalmışdır.
Cənab Prezident çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan dövləti olaraq Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm veririk. Bu baxımdan biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk. İlham Əliyev cənablarının düşünülmüş qətiyyətli siyasəti sayəsində Azərbaycan müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr qurub. 2006-cı ildən Ərəb Dövlətləri Liqasında müşahidəçi statusunda üzv olduğu qurumla ölkəmiz arasında münasibətlər xüsusi xarakter alıb. Çünki Azərbaycan müasir dövrün çağırışılarına adekvat cavab verən, qlobal problemlərin həllinə böyük dəstək göstərən, ehtiyacı olan dövlətlərə humanitar yardımını əsirgəməyən ölkə kimi tanınır və bu istiqamətdə atdığı addımlar hamı tərəfindən təqdir edilir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri