“Qardaş Türkiyənin dəstəyi qələbəyə inamı artırdı”
Sovet imperiyasının dağılmasından sonra öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıyan ilk dövlət qardaş Türkiyə Respublikası olmuşdur. 30 ildən artıq olan iki dövlət arasındakı münasibətlər sevindirici haldır ki, hazırda dostluq və qardaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan dövlət yoxdur. Ölkələrimiz arasında mövcud olan birliyimiz - həmrəyliyimiz isə dünyaya nümunədir.
Qeyd etməliyik ki, hazırda ölkələrimizi birləşdirən amillər çoxdur. Ən əsası ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarix boyu Azərbaycan Türkiyə qardaşlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıqdan daha güclü olmuş və hər hansı marağa söykənməməklə ilk növbədə mənəvi anlam və bağlılıq kəsb etmişdir. Bu bağlılıq və birliyi bütün dünyaya olduğu kimi tanıdansa heç şübhəsiz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Azərbaycan yalnız deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır” fikirləri bir çoxları üçün ciddi mesaj olmuşdu. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı.
Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir. Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir. Bundan əlavə “Böyük Qayıdış”ın və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə dövləti yaxından iştirak etməkdədir.
Birlik anlayışımız, həmrəylik fəlsəfəmiz isə həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib.
Son günlərdə izlədiyimiz proseslər eyni zamnda Azərbaycan-Türkiyə birliyinin təntənəsidir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru