"Dünya hələ də xalqımıza qarşı erməni terrorunu görmək istəmir"
"Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq hüquq və humanitar hüququn pozulmasına dair sübut olunmuş saysız faktlar var". Bu fikri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
QHT sədri bildirib ki, 44 günlük Vətən müharibəsi günlərində Bərdə rayonunda mülki və sosial obyektlərin yerləşdiyi ərazilərdə Ermənistan tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombaların istifadəsi faktı, eləcə də baş vermiş insan tələfatı və dağıntılar bunun daha bir əyani sübutudur: "Bildiyimiz kimi, 2020-ci ilin oktyabrın 5-dən başlayaraq Ermənistan Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Ən dağıdıcı artilleriya hücumu 27-28 oktyabr tarixlərində olub. Bu hücumlar noyabrın 7-ə kimi davam edib. Nəticədə 30-a yaxın mülki şəxs həyatını itirib, 100-dən artıq şəxs yaralanıb. Eyni zamanda Bərdəyə ardıcıl hücumlar nəticəsində çoxsaylı mülki evlər və biznes obyektləri də dağıntılara məruz qalıb. O zaman Ali Baş Komandan İlham Əliyev Bərdə camaatına bu terrorla bağlı başsağlığı verdi. Dövlətimizin başçısı düşməndən layiqli qisasın alınacağı sözünü verdi. Və cənab Prezidentin verdiyi bu söz yerinə yetirildi. Müzəffər Ordumuz Vətən müharibəsində Zəfər qazandı".
Səadət Məhərrəmova deyib ki, beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfindən Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi bu və digər cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər görülməsi üçün dəfələrlə çağırış edilib: "Azərbaycanın Xarici İşlər Nazirliyi Bərdədə törədilmiş terrorla bağlı bir neçə dəfə rəsmi bəyanatlar yayıb. Təəssüf ki, dünya hələ də xalqımıza qarşı bu erməni terrorunu görmək istəmir".