Soçi görüşündə sülh imzalanacaq? - Arkov
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə azərbaycanlı həmkarı və müttəfiqi İlham Əliyevin, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi Soçi sammiti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə başa çata bilər.
Bunu Axar.az-a PolitRUS ekspert və analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov deyib.
“Aydındır ki, çərçivə sənədi artıq hazırlanıb və razılaşdırılıb. Uzunmüddətli münaqişəyə son qoyacaq, iki Qafqaz dövləti və xalqları arasında dinc əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinin qurulması üçün yeni imkanlar açacaq sazişin imzalanmasını təxirə salmaq üçün aşkar səbəblər yoxdur. Təbii ki, Bakı ilə İrəvanın hələlik ortaq mövqe tutmadığı çoxlu məsələlər var. Amma hər iki tərəf Moskvanın fəal sülh vasitəçiliyi ilə müharibədən sonra yaxınlaşma istiqamətində uzun bir yol qət edə bildi”, - o bildirib.
Onun sözlərinə görə, fundamental sənəd imzalanmalıdır və bu, çox yaxın gələcəkdə baş verə bilər:
“Bu, əsas sənədi tamamlayacaq və genişləndirəcək ikinci, üçüncü və sonrakı paketlərin çoxlu sayda məsələləri üzrə birgə qərarların hazırlanması prosesini sürətləndirəcək. Xarici oyunçuların çirkin siyasi məqsədlərinə çatmaq naminə Bakı, İrəvan və Moskvanın gördüyü nəhəng işlərə xitam verilməsinə imkan verməməliyik. Qərbdəki dağıdıcı qüvvələrin Ermənistan və Azərbaycanı iki qonşu xalqa ağrı və dağıntılar gətirən, bütün ölkələrin gələcəyi üçün vacib olan beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini pozan yeni uzunmüddətli münaqişəyə sürükləməsinə imkan vermək olmaz”.