Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır
Azərbaycanla Gürcüstan arasında mövcud olan münasibətlər ortaq strateji maraqlara söykənməklə hər iki xalqı bir-birinə dostluq əlaqələri ilə bağlayır. Qeyd etməliyik ki, son illərdə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün bir sıra beynəlxalq səviyyəli layihələr həyata keçirilir. Yeni bir mərhələyə qədəm qoyan və regionun inkişafı baxımından olduqca önəmli olan bu münasibətlərin daha da genişlənməsi üçün hazırda mühüm addımlar atılmaqdadır. Azərbaycan və Gürcüstan əlaqələri son illər özünün yüksəliş dövrünü yaşamaqdadır. Xüsusi olaraq qeyd etməliyik ki, hər iki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqla müsbət nəticələr verməkdədir. Keçirilmiş hər bir görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla davam etdirmək barədə yeni razılaşmalar əldə edilir. 2022-ci il oktyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana rəsmi səfəri iki dövlət arasında mövcud olan münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Sevindirici haldır ki, tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. . Hazırda enerji əməkdaşlığı layihələri Azərbaycan – Gürcüstan əlaqələrinin inkişafında çox mühüm rol oynayır. Qeyd etməliyik ki, Gürcüstan Respublikası ölkəmiz üçün əsas tranzit rolunu oynamaqdadır. Gürcüstan ərazisindən keçən neft və qaz kəmərləri, həmçinin dəmiryolu xətti bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.
Nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmuşdur. İki dövlət arasındakı bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilmişdir. Hər iki dövlət başçısının mətbuata verdiyi açıqlamalar deməyə əsas verir ki, qarşılıqlı etimada söykənən iki dost ölkə arasındakı münasibətlər bundan sonra da yüksələn xətlə davam edəcəkdir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru