"Türk birliyini vahid güc halına gətirmək hava-su kimi vacibdir"
Prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bütövlükdə Türk dünyasının uğuru kimi qiymətləndirmək lazımdır. Ümumiyyətlə, bu il Orta Asiyanın türk cümhuriyyətləri ilə həm Azərbaycanın, həm də Türkiyənin münasibətlərində müşahidə olunan fəallaşma təqdirəlayiq haldır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərə müsbət dinamika gətirir.
Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının isə Azərbaycana səfərləri zamanı əldə edilmiş razılaşmalar TDT-nin (Türk Dövlətləri Təşkilatı) üzv dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə xüsusi impuls verib. Bu inteqrasiyanın təməlində isə həm də Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” və eləcə də Türkmənistan ilə ötən ilin yayında Xəzər dənizində “Dostluq” yatağı üzrə birgə fəaliyyət haqqında imzalan Anlaşma Memorandumu dayanır.
Bu bəyannamə və anlaşmalar türk cümhuriyyətləri arasında dostluq və qardaşlıq əlaqələrini hüquqi-siyasi müstəviyə daşıyan strateji sənədlər, hüquqi-siyasi baza rolunu oynayır. Həmin sənədlər bizim bir araya gəlməyimiz və güclərimizi birləşdirməyimiz üçün etibarlı zəminə çevrilir. Bu mənada Azərbaycan Orta Asiya ölkələrinin hər biri ilə sıx münasibətlərə xüsusi önəm verir. Mən deyərdim ki, Azərbaycan Prezidenti türk dövlətlərinin bir araya gəlməsində hamıdan çox fəallıq göstərən lider kimi diqqəti cəlb edir. Bütün türk dövlətlərinin başçıları İlham Əliyevin inteqrasiya istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirir.
Qırğızıstan Respublikası ilə münasibətlər də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin ötən gün Qırğızıstana baş tutan səfəri kifayət qədər məhsuldar səfər olmaqla bərabər, həm də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda meydana çıxan qlobal çağırışlar və yeni dünya düzəninin formalaşması baxımından olduqca strateji əhəmiyyətli səfərdir. Bu səfərlər onu göstərir ki, bəzi ölkələrin liderlərindən fərqli olaraq Türk dünyasının liderləri çaşqınlıq yaşamır, gözləmə mövqeyi tutmur və kim daha güclüdürsə onun qanadı altına sığınmaq mövqeyindən çıxış etmirlər. Türk dövlətlərinin liderləri başa düşürlər ki, hazırkı qlobal xaos və qeyri-müəyyənlik şəraitində Türk birliyini vahid güc halına gətirmək hava-su kimi vacibdir və bu ən optimal çıxış yoludur.
İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti Sadır Japarov da Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində etdiyi çıxışında münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. Qırğız lider həmçinin bu prosesdə Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, “Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub”. Prezident İlham Əliyev də öz növbəsində qeyd etdi ki, bizim qardaşlığımız sözdə deyil, əməldədir, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin ən yaddaqalan məqamlarından və nəticələrindən biri də bu oldu ki, iki ölkənin paytaxt şəhərləri - Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Paytaxttlarımızın rəsmi səviyyədə qardaşlaşması heç şübhəsiz ki, xalqlarımızın qardaşlığının davamıdır. Qarşıdakı illərdə Bakıda Qırğızıstan mədəniyyət günlərinin, Bişkekdə isə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi dostluq və qardaşlıq münasibətlərimizi daha da dərinləşdirəcək.
İlham Əliyevin Qırğızıstana səfəri bitər-bitməz, onun Qazaxıstana yollanması türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hazırda Qazaxıstandadır. Göründüyü kimi Azərbaycan və Türkiyə Türk dünyasının lider dövlətləri kimi qardaş ölkələr arasında münasibətlərin dərinləşməsi üçün maksimum səylər göstərir. Ümid edirik ki, hər şey gözlənildiyindən də daha gözəl olacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri