Azərbaycan-Mərkəzi Asiya: Avrasiyanın gələcək inkişaf xəritəsini müəyyənləşdirən aktorlar - Şərh
“Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər tarixən xüsusi xarakter daşıyır. Xalqları birləşdirən çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, dil yaxınlığı, qardaşlıq və dostluq bu əlaqələrin dayağıdır. Son illərdə bu münasibətlər təkcə qorunub saxlanmayıb, eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, əməkdaşlığa yeni dinamika və məzmun gətirilmişdir”.
Bunu Avrasiya-net-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin mühüm göstəricilərindən biri yüksək səviyyəli səfərlərin intensivliyidir. “Son üç ildə Prezident İlham Əliyevin region ölkələrinə 14 səfər etməsi, həmin dövrdə Mərkəzi Asiya liderlərinin Azərbaycana 23 səfərinin baş tutması siyasi iradənin qarşılıqlı olduğunu göstərir. Bu səfərlər çərçivəsində müttəfiqlik, strateji tərəfdaşlıq və birgə investisiya fondlarının yaradılmasına dair imzalanmış sənədlər siyasi əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir”, - o qeyd edib.
Deputat əlavə edib ki, mütəmadi keçirilən mədəniyyət günləri, sərgilər və konsertlər xalqlar arasında yaxınlığı daha da gücləndirir: “İşğaldan azad edilmiş ərazilərdə Mərkəzi Asiya dövlətlərinin dəstəyi ilə həyata keçirilən layihələr isə bu dostluğun rəmzinə çevrilib. Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda Manas məktəbi artıq fəaliyyət göstərir. Oktyabr ayında Türkmənistanın dəstəyi ilə Füzulidə inşasına başlanmış məscid isə bu qardaşlığın daha bir simvolu kimi yaddaşlara yazılacaq.
Azərbaycan bu layihələri yalnız maddi töhfə kimi deyil, həm də əzəli qardaşlıq münasibətlərinin təcəssümü kimi yüksək dəyərləndirir”.
Deputat bildirib ki, Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da, Mərkəzi Asiya ilə əməkdaşlıq bu gün yeni geosiyasi reallıq yaradıb: “Artıq Azərbaycan və Mərkəzi Asiya ölkələri qlobal miqyasda əhəmiyyəti artan vahid geosiyasi və geoiqtisadi məkan kimi çıxış edirlər. Bir çox beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyən ölkələr regional və qlobal problemlərin həllində ortaq mövqe formalaşdırırlar.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının əsas istiqamətlərindən biri Orta Dəhlizin inkişafıdır. Bu marşrut Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ən qısa, təhlükəsiz və səmərəli nəqliyyat yoludur. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların 90 faiz artması ölkənin tranzit imkanlarının genişləndiyini təsdiqləyir.
Azərbaycanın nəqliyyat-logistika infrastrukturu — ildə 25 milyon ton buraxılış qabiliyyətinə malik Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən iri yük aviaşirkəti ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib.
Zəngəzur dəhlizinin tikintisi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Vaşinqton anlaşması əsasında əldə olunan razılaşmalar Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəhlizin regional tranzit sisteminə inteqrasiyasını təmin edəcək. İlkin mərhələdə 15 milyon ton yükdaşıma imkanına malik Zəngəzur dəhlizi Orta Dəhlizin əsas arteriyası olacaq.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri rəqəmsal inteqrasiya sahəsində də mühüm layihələr həyata keçirirlər. “Rəqəmsal İpək Yolu” çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi regionda yüksək sürətli data mübadiləsini təmin edəcək və telekommunikasiya sahəsində yeni imkanlar yaradacaq.
Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi isə region ölkələrinin elektrik enerjisini qlobal bazarlara ixrac etməsinə şərait yaradacaq. Bu təşəbbüs həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də “yaşıl enerji” ixracı baxımından strateji mahiyyət daşıyır.
Azərbaycan–Mərkəzi Asiya münasibətləri bu gün dinamik inkişaf mərhələsindədir. Strateji tərəfdaşlıq, qarşılıqlı siyasi etimad, mədəni yaxınlıq və ortaq geoiqtisadi maraqlar bu əlaqələri yeni mərhələyə çıxarıb. Orta Dəhlizin inkişafı, rəqəmsal və enerji layihələri, azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə həyata keçirilən tikinti və sosial layihələr bu əməkdaşlığın davamlı xarakterini təsdiqləyir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri təkcə regionların deyil, bütövlükdə Avrasiyanın gələcək inkişaf xəritəsini müəyyənləşdirən əsas aktorlardan birinə çevriliblər”.
Son xəbərlər
