“Qərbi Azərbaycana qayıdış” – tarixi yaddaşın bərpası
Bildiyimiz kimi cari ilin 03 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də yubiley tədbirində iştirak etmişdir. Geniş məzmunlu və proqram xarakterli çıxış edən Möhtərəm cənab Prezident bir sıra vacib məqamlara toxunmuş və mühüm mesajlar vermişdir. Cənab Prezident çıxışında Azərbaycan elminin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək xüsusi vurğulamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində Azərbaycan elminin inkişafında aparıcı rol oynayıb. Dövlətimizin başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan elminin inkişaf strategiyasının uğurla davam etdiyini qeyd etmiş və bildirmişdir ki, son illərdə ölkəmizdə elmin, təhsilin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusi vurğulanmışdır ki, elmin inkişafına göstərilən diqqət və qayğı eyni zamanda strateji əhəmiyyət daşıyır.
Cənab Prezident yeni dünya düzənində elm və texnologiyanın beynəlxalq münasibətlər sistemində olduqca əhəmiyyətli olduğunu nəzərə çatdırmaqla qeyd etmişdir ki, “gələcəyin inkişafı birbaşa elmin səviyyəsi ilə bağlıdır”. Ölkə başçısının bu fikri göstərir ki, elm yalnız ölkə daxili ilə məhdudlaşmır - o, strateji inkişafın, texnoloji müstəqilliyin və milli suverenliyin bir hissəsidir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında mühüm vəzifələrin olduğunu xatırladan cənab Prezident yeni yanaşma və texnoloji inteqrasiyanın önəmli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Cənab Prezident çıxışında yalnız elmin, texnologiyanın inkişafından deyil, həm də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlətçilik uğurlarından da bəhs edərək vurğulamışdır ki, Azərbaycanın əldə etdiyi tarixi zəfərlər nəticəsində milli suverenliyimiz tam bərpa edilmiş və hazırda regionda sülh və əməkdaşlığın inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla icra edilməkdədir. Cənab Prezidentin verdiyi ən mühüm mesajlardan biri isə “Qərbi Azərbaycana qayıdışla” bağlı idi. Belə ki, AMEA-nın 80 illik yubileyində belə mövzunun səsləndirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Dövlətimizin başçısı qeyd etdi ki, “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.
Xüsusi olaraq qeyd etməliyik ki, Möhtərəm cənab Prezidentin çıxışında Qərbi Azərbaycana qayıdışla bağlı verdiyi mesaj əslində dövlət səviyyəsində tarixi yaddaşın bərpası prosesinin bir hissəsini təşkil edir. İnanırıq ki, Qərbi Azərbaycana qayıdış həm tarixi ədalətin bərpası, həm də gələcək milli ideologiyanın təməli olacaqdır. Sevindirici haldır ki, hazırda müstəqil Azərbaycan keçmişini xatırlamaqla yanaşı, onu elmi, siyasi və hüquqi fakt kimi bərpa etmək mərhələsinə qədəm qoyub.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
