"Rusiyanın Ukraynaya təcavüzkar müharibəsinin təhrikçisi ABŞ-dır"
Heç şübhəsiz ki, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsinin təhrikçisi ABŞ - dır. ABŞ Rusiyanı bu müharibəyə çəkməklə bir neçə məqsədi hədəfləmişdi: Rusiyanı zəiflətmək, Avropanın Rusiya ilə iqtisadi əlaqələrini qırmaq, enerji asılılığını aradan qaldırmaq, nəhayət Avropanı həm iqtisadi, həm hərbi cəhətdən özündən tam asılı vəziyyətə salmaq. ABŞ Rusiya - Ukrayna müharibəsi ilə qarşısına qoyduğu bütün məqsədlərinə çatıb. Rusiya - Ukrayna müharibəsinin iqtisadi, hərbi, siyasi cəhətdən birmənalı qalibi və qazanclı tərəfi ancaq ABŞ-dir.
Ümumən isə Beynəlxalq çəkişmələr, konfliktlər Çinin iqtisadi və hərbi cəhətdən daha da güclənməsi üçün münbit şərait yaradır. Son günlər Çinin son nəsil texnoloji sılahların istehsalı, sınaqları Çinin qlobal planlarının anonsudur.
ABŞ prezidenti Trampın Rusiya - Ukrayna müharibəsini bitirmək cəhdi də əslində ABŞ-ın artıq hədəfinə çatmasıdır. Tramp müharibəni bitirməli, ABŞ - ın qazancını rəsmiləşdirməlidir. Ukraynadakı müharibə ilə bağlı Trampın rəhbərliyi ilə başlanan ABŞ - Rusiya danışıqları da məhz bu nəticələrin qəbulu ilə bağlıdır. Ukraynın taleyini həll edə biləcək ABŞ - Rusiya danışıqlarında Ukraynanın iştirakının həm ABŞ, həm Rusiya tərəfindən rədd edilməsi, Rusiya - Ukrayna müharibəsində əsl tərəflərin kim olduğunu bütün çılpaqlığı ilə göstərir. Artıq, Avropa İttifaqı və Ukrayna ABŞ tərəfindən aldandığının, istismar olunduğunun fərqindədir.
Məhz bu səbəbdən də Avropa ABŞ-dan tam fərqli olaraq Ukraynaya hərbi, iqtisadi və maliyyə yardımını davam etdirmək niyyətində olduğunu bildirir.
Tramp ABŞ-ın dövlət siyasi xəttindən kənara çıxa bilməz, ancaq Tramp qeyri-adekvat siyasi gedişləri ilə ABŞ-ın əsl üzünü göstərdi, ona olan digər dövlətlərin etimadını, etibarını məhv etdi, riyakarlığını üzə çıxardı. Siyasi, ideoloji, imic baxımdan Tramp ABŞ-a, onun müttəfiqlərinə böyük zərbə vurdu.
ABŞ - ın başlatdığı Rusiyanın - Ukraynaya təcavüzünə görə, kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiya, siyasi məhdudlaşdırma kompaniyasına qoşulmayan bəzi ölkələr bu vəziyyətdən uduşlu çıxır. Türkiyənin qlobal dünya bölgüsündə söz və hökm sahiblərindən biri olduğu açıq görünür. Mürəkkəb beynəlxalq siyasi prosesdə ABŞ, Britaniya, Fransa, Rusiya, Ukrayna, İran rəsmilərinin ardıcıl şəkildə Türkiyə prezidenti cənab Ərdoğanla məsləhətləşmələr, danışıqlar aparması heç də adi dövlətlər arası münasibətlərin müzakirəsi deyil, qlobal dünya nizamının konfiqurasiyasının müəyyən edilməsidir.
Bəli, Rusiya hərbi qələbəsini qazanıb, ancaq Ukrayna xalqı məğlubiyyəti qəbul etməyəcək və münaqişə zaman-zaman müxtəlif dövrlərdə canlanacaq. Tramp və Putinun tələbləri ilə Ukrayna prezidenti Zelenski hakimiyyətdən getsə və hətta Rusiyaya, ABŞ uyğun birisi Kiyevdə hakimiyyətə gətirilsə də, Rusiyanın Ukraynadan əldə etdiyi torpaqları rahatlıqla həzm etməsinə imkan verilməyəcək. ABŞ Rusiya üçün daimi münaqişə və düşmən yaratmağa nail oldu. Bu həm də ABŞ-ın Avropa və Rusiya üzərində strateji qələbəsidir.
Rusiyanın Ukrayna üzərində hərbi qələbəsi əslində Rusiya dövlətçiliyi, Putin hakimiyyəti üçün çox böyük və ciddi çətinliklər gətirəcək. Birinci Dünya Müharibəsində olduğu kimi, Rusiya bu müharibədə də qalib olsa da, siyasi, iqtisadi nəticələri onu uduzduracaq. Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu çox çəkə bilməz.
Vüqar Dadaşov