"Amulinin məlum təhqirləri onun fikri deyil"
Bunu Avrasiya.net-ə ABŞ-da yaşayan güneyli siyasi şərhçi Kərim Əsğəri deyib.
O, qeyd edib ki, İranın Azərbaycana qarşı düşmənçiliyi fərqli tribunalardan səsləndirilir. Bunun da əsasında Cənubi Azərbaycan məsələsi dayanır:
“Bu gün İran müstəqil Azərbaycanın güclənməsindən, bütövləşəcəyindən ehtiyat edir, axı Azərbaycanın torpağının çox hissəsi İrandadır. İran bundan qorxur. Sovetlər birliyi dağılandan sonra İran Şimali Azərbaycanı hər zaman özünə təhdid olaraq görüb. Amulinin çıxışlarının arxasında həmin bu qorxu var. Amuli İranın birinci şəxsi Xamenei tərəfindən ora təyin edilib. İranın vilayətlərində fəaliyyət göstərən ayətullahlar, dini liderlərin namaz cümlələrində danışdıqları söhbətlər bir həftə öncə Tehranda hazırlanır. Amulinin məlum təhqirləri onun fikri deyil, Tehranın proqramıdır. Amulinin yerinə gələn başqaları da eyni siyasəti həyata keçirəcəklər.
Azərbaycan nə qədər desə də mənim İran ərazisində gözüm yoxdur, Tehran bunu qəbul etmək istəmir. İranda azərbaycanlıların sayı digər millətlər kimi az olsaydı, o zaman bu düşmənçilik olmazdı. Nə qədər ki, Cənubi Azərbaycan faktoru vat, İranın Azərbaycana qarşı düşmənçilik siyasəti davam edəcək. Azərbaycana qarşı düşmənçilik siyasəti Amulinin ağzı ilə deyil, əməldə də göstərilib. İran həmişə işğalçı Ermənistanı dəstəkləyib, şükürlər olsun Qarabağ tam azad olunsa da Tehran hərdən Azərbaycana diş qıcayır”.