Pezeşkiana olan ümidlər kölgədə qalıb
İranda prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi geniş ictimaiyyətdə, beynəlxalq aləmdə müsbət əhval-ruhiyyə yaratmışdı. Təbii ki, cəmiyyət hər zaman yeniliyə, həyat şəraitinin yaxşılaşmasına can atır. Ona görə, İranda islahatçı qanadın qalib gəlməsi, xüsusilə yeni prezidentin türk olması müsbət tendensiyanı gücləndirmişdi. Amma son dövrlər adıçəkilən ölkənin mühafizəkar qanadının Anti-Azərbaycan, antitürk çıxışları Prezident Məsud Pezeşkiana olan ümidləri kölgədə qoyur.
Bunu Avrasiya.net-ə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.
O, qeyd edib ki, bir zamanlar bizdə ümid yaranmışdı ki, prezident Məsud Pezeşkian türk olaraq güclənən Türk dünyası ilə səmimi əməkdaşlığa, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İranda yaşayan 40 milyona yaxın azərbaycanlının öz dillərində təhsil hüquqlarının təmin edilməsinə nail olacaq. Çünki böyük bir əhalinin öz ana dilində təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən prezident Məsud Pezeşkian Azərbaycan və Türkiyə vasitəsilə nəhəng tranzit layihələrə qoşulmaq şansını dəyərləndirməklə İranı çox ağır iqtisadi böhrandan xilas etmiş ola bilərdi:
"Reallıq başqa mənzərəni ortalığa çıxarır. Bu da ondan ibarətdir ki, prezident Məsud Pezeşkianın islahatçı ideyalarını gerçəyə çevirmək mühafizəkar rejimin marağında deyil. Bütün bunlar onu göstərir ki, İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar. Mühafizəkar qanadın davranışı onu göstərir ki, bu ölkənin hədəflərində inkişaf, islahat, Azərbaycanla normal qonşuluq yaratmaq istəyi deyil.
Təəssüf ki, həmin qüvvələr nəinki Azərbaycanın inkişafını, hətta mövcudluğunu qəbul edə bilmirlər. İranın Ermənistandakı ermənibaş səfirinin, əyalət mollasının və digərlərinin Anti-Azərbaycan çıxışları bitmir.
Onu da qeyd etmək lazımdır ki, dünyada geosiyasi proseslər sürətlə dəyişir. ABŞ-ın yeni prezidenti Donald Trampın taxta çıxması bu tendensiyanı daha da gücləndirəcək. Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub və yaxud qurtulmayacağını isə demək çətindir".