İranda 19 yaşlı gənc edam olunacaq
İranda etirazlar zamanı həbs olunan daha bir aksiyaçının edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.
İran mətbuatı xəbər verir ki, nümayişlər zamanı təhlükəsizlik qüvvələri əməkdaşını yaralamaq, ictimai binanı yandırmaq kimi ittihamlarla edam cəzasına məhkum edilən 19 yaşlı Məhəmməd Buruqaninin hökmü qüvvədə saxlanılıb.
Hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi açıqlanıb. Tehranda etirazlar zamanı həbs edilən Buruqani “öldürmək məqsədi ilə güc strukturu əməkdaşına hücum və xəsarət yetirmək”, “ictimai asayişi pozmaq” və “təxribat törətmək”də təqsirli bilinib.
O, 2022-ci il oktyabrın 29-da inqilab məhkəməsində ölüm cəzasına məhkum edilib.
"Amnesty International" beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı Ali Məhkəmənin Məhəmməd Buruqaniyə verilən edam hökmünü qüvvədə saxlamasını pisləyib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.