Sentyabr döyüşlərində ölən erməni hərbçilərin ilk rəsmi siyahısı
Ermənistandakı Hərbi Sığorta Fondu sentyabrın 13-14-də Azərbaycanla sərhəddə baş vermiş döyüşlərdə ölən hərbçilərin ilk rəsmi siyahısını açıqlayıb.
Avrasiya.net xəbər verir ki, siyahıda rəsmən öldüyü bildirilmiş 197 hərbçidən 93-nün adı yer alıb.
Fond bu siyahını hərbçilərin ailələrinə ödənilən kompensasiyalarla ümumiləşdirib.
Ödəniş hüququ olan şəxslərin siyahısı son bir ayda 101 adla tamamlanıb ki, onlardan 93-ü artıq qeyd olunduğu kimi, sentyabr döyüşlərində ölənlərdir. Qalanları itkin düşmüş hərbi qulluqçular və ya 2020-ci ilin müharibəsi nəticəsində əlil kimi tanınanlardır.
Hələ bir ay əvvəl Ermənistan Müdafiə Nazirliyi siyahı tərtib olunan kimi dərc edəcəyinə söz verərək, dəqiqləşdirilməmiş məlumatlarla siyahı yaymağın yersiz olduğunu bildirmişdi. Bundan sonra mətbuatda bir neçə dəfə ölənlərin adları olan siyahılar dərc olunub. Məlumat toplayan zaman tərtibçilər açıq mənbələrdən, internetdən və sosial şəbəkələrdən məlumatlardan istifadə edirdilər.
Bu baxımdan, Hərbi Sığorta Fondunun siyahısı natamam da olsa, ilk rəsmi siyahı sayıla bilər.
Siyahıda həm çağırışçı əsgərlər, həm müqaviləli hərbi qulluqçular, həm də könüllülərin adı var.
2 noyabr 2022-ci il tarixinə Fonddan ödəniş alanların sayı 4957 nəfərdir. Ölən hərbçinin hər birinin ailəsinə Fonddan birdəfəlik 10 milyon dram, sonra isə hər ay 200 min dram kompensasiya verilir.
Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşlərdə 197 erməni əsgər və 4 mülki şəxs ölüb. Bundan əlavə, sentyabrın 28-də baş vermiş atışmada daha 3 hərbçi ölüb.