“Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert

“Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert“Hindistan dünyəvi və demokratik imicini məhv edir. Bu ölkənin Ermənistana silah satışı ilə bağlı razılaşma ermənilərin məhvinə doğru irəliləyən bir yoldur. Bütün bunlar nəticədə regionda sülh təşəbbüslərinə və davamlı inkişafa təsir göstərir. Hindistan ən böyük demokratik ölkə olduğunu iddia edir, amma demokratiya kütləvi qırğın silahlarını satmaqla olurmu, bunu soruşmaq lazımdır. Xüsusən də sülhsevər Azərbaycana qarşı Ermənistana dəstək verməsi Hindistanın nüfuzunu daha da aşağı salır”.

Bu sözləri Modern.az-a açıqlamasında Pakistanın Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun icraçı direktoru Məhəmməd Şakil Əhməd bildirib.

Onun sözlərinə görə, Hindistanın cinayətkar ölkəyə dəstək verməsi qəbuledilməzdir:

“Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalardan sonra Hindistan Ermənistana raket və sursat ixrac etməyə hazırlaşır. Digər yardımlarla yanaşı, Hindistan Azərbaycana qarşı kömək etmək üçün Ermənistana yerli “Pinaka” reaktiv yaylım atəşi sistemlərini ixrac edəcək. Məlumatlara görə, Hindistan raketatanlardan başqa Ermənistana tank əleyhinə raketlər və digər döyüş sursatlarının ixracı üçün 250 milyon dollarlıq müqavilə imzalayıb. Hindistan qarşıdakı aylarda silahları Ermənista göndərəcək".

Pakistanlı ekspert vurğulayıb ki, Hindistanın Ermənistana silah ixrac etməsi ilk dəfə deyil. Bundan öncə də oxşar hallar müşahidə edilib:

"Hindistan 2020-ci ildə Ermənistana dörd ədəd "Swathi" radarının ixracı üçün 43 milyon dollarlıq müqavilə imzalayıb. Bu radarlar əks-hücumlarda kömək etmək üçün daxil olan artilleriya mərmilərini izləyə və düşmənin silah mövqelərini təyin edə bilər.

Ermənistanın artıq süni nəfəs aparatında olduğu və bir çox erməninin dövlətlə vətəndaşlar arasında inamsızlıq səbəbindən ölkəni tərk etdiyi bu kritik dönəmdə Ermənistan xalqın rifahına, təhsilinə və iqtisadiyyatına investisiya qoymalıdır. Bu cür silah sövdələşmələrinə investisiya qoymaq davamlı həll yolu deyil. Bundan əlavə, Hindistan silah alqı-satqısı siyasətini yenidən düşünməlidir. Silah demək, insanlığı, təbiəti məhv etmək deməkdir. Hindistan xalqı silah müqaviləsinə etirazını bildirməlidir”.

Qeyd edək ki, Hindistan Ermənistana müasir raketlər və tank əleyhinə silahlar satacaq. Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, satılacaq silahların ümumi qiyməti təxminən 270 milyon dollar dəyərindədir.

Hindistanın Ermənistana satacağı “Pinaka” raketləri 40 kilometr uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Bu raket sisteminin yüksək effektivliyi Kəşmirin dağlıq bölgələrində Pakistana qarşı aparılan müharibədə istifadə edilib.